GƏNCLƏR, İDMAN VƏ TURİZM NAZİRİ ƏBÜLFƏZ QARAYEVİN ÇIXIŞI
- Cənab Prezident!
Əziz idmançılar!
Hörmətli qonaqlar!
Sizi Milli Olimpiya Komitəsi və Gənclər, İdman və Turizm Nazirliyi
adından ölkəmizin ən gözəl guşələrindən biri olan Qubada salamlayır, “Xoş gəlmisiniz!” deyirəm.
Qadın voleybol komandaları arasında beynəlxalq “Qran-pri” turnirinin mərhələ yarışlarının bütün iştirakçılarına qələbə sevinci arzulayıram.
Hamıya çox yaxşı məlumdur ki, ölkəmizdə idman və bədən tərbiyəsi yüksək inkişaf dövrünü yaşayır.
Azərbaycan idmanının bugünkü uğurlarının zəmini xalqımızın ulu öndəri, ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu dahi şəxsiyyətin idmana və bədən tərbiyəsinə göstərdiyi diqqət və qayğı Azərbaycan idmanını yüksək zirvəyə qaldırmışdır. Ulu öndərimizin bu sahədəki arzularını respublikamızın Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevin siyasəti reallaşdırmışdır. Möhtərəm Prezidentimiz Azərbaycanda idmanın bir çox istiqamətlərinin inkişaf etdirilməsi, maddi-texniki bazanın genişləndirilməsi, idman salnaməmizin yeni nailiyyətlərlə zənginləşdirilməsi ilə yanaşı, bir zamanlar ölkəmizdə az qala unudulmuş idman növlərinin, xüsusilə də onun komanda növlərinin dirçəldilməsi ilə və qısa zaman kəsiyində belə idman növlərinin beynəlxalq miqyasa çıxmasında da müstəsna xidmətlər göstərmişdir.
Bu gün biz burada qadın voleybol komandaları arasında beynəlxalq “Qran-pri” turnirinin Avropa təsnifat mərhələsi yarışlarının açılış mərasiminə toplaşmışıq. Azərbaycan voleybolçuları son illərdə böyük uğurlar qazanmışlar. Voleybolçularımızın beynəlxalq miqyasda qazandıqları yüksək nəticələri nəzərdən qaçırmayan Beynəlxalq Voleybol Federasiyası Azərbaycanda belə yarışların keçirilməsinə qərar vermişdir. Özü də bu yarışın ölkəmizin dilbər bir guşəsində, müasir tələblərə cavab verən Quba Olimpiya İdman Kompleksində keçirilməsi bölgələrimizdə voleybolun nə qədər populyar olduğunun əyani təcəssümüdür.
Bu yarışların respublikamızda təşkilinə görə beynəlxalq idman qurumuna öz dərin təşəkkürümü bildirirəm. İnanıram ki, 8 ölkənin komandalarının iştirak etdiyi yarışlar gözəl idman bayramına çevriləcəkdir. Hər bir komandaya qələbə sevinci arzulayıram. Sağ olun!
X X X
Daha sonra Avropa Voleybol Konfederasiyasının vitse-prezidenti xanım Rita Ooms çıxış etdi.