CƏMİYYƏT
“GƏNCLƏR MÜKAFATI” LAUREATLARINA MÜKAFATLAR TƏQDİM OLUNDU
Respublika Prezidenti Heydər Əliyevin 1997-ci il 1 fevral tarixli Sərəncamına əsasən hər il fevralın 2-si Azərbaycan gəncləri günü kimi qeyd edilir. Son altı ildə Respublika Gənclər, İdman və Turizm Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biri də yaradıcı gənclərlə iş aparmaq, xüsusi istedada malik gəncləri üzə çıxararaq, diqqət və qayğı göstərmək, onları yaradıcılığa həvəsləndirmək, yeni sənət axtarışlarına ruhlardırmaqdan ibarət olmuşdur. Bu sahədə müəyyən işlər görülmüş, müxtəlif müsabiqə və yarışlar, festivallar, toplantılar, elmi-praktik konfranslar, gənc rəssamların sərgiləri, digər tədbirlər keçirilmişdir.
Bu barədə Azərbaycan Gənclər ğünü münasibətilə fevralın 2-də Respublika Gənclər, İdman və Turizm nazirliyinin Şəhriyar adına Mədəniyyət Mərkəzində təşkil etdiyi gənc ifaçıların konserti və yaradıcı gənclərin mükafatlandırılması mərasimində danışılmışdır.
Mərasimdə heykəltəraşlıq, qrafika, dekorativ-tətbiqi sənət, boyakarlıq, kino, memarlıq, teatr, bəstəkarlıq, poeziya, nəsr, jurnalistka nominatsiyaları üzrə 2001-ci ilin qalibləri olmuş 24 nəfər “Gənclər mükafatı” laureatına təntənəli şəkildə mükafatlar təqdim edilmişdir.
Mərasim gənc ifaçıların konserti ilə başa çatmışdır.
Gənclər, İdman və Turizm naziri Əbülfəz Qarayev və digər rəsmi şəxslər mərasimdə iştirak etmişlər.