Gənclər Təşkilatları Milli Şurası Cümhuriyyətin 103-cü ildönümünə həsr olunan silsilə tədbirlər keçirib
Bakı, 28 may, AZƏRTAC
Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunan 1918-ci il mayın 28-i hər bir azərbaycanlının qürur duyduğu gündür. Məhz bu gün müsəlman Şərqində ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil respublikanın yarandığı dünyaya bəyan edilib. Cəmi 23 ay mövcud olmasına baxmayaraq, dövlət quruculuğu, elm, təhsil, mədəniyyət və maarifçilik istiqamətlərində çoxsaylı işlər görülüb, o dövrün ziyalıları, siyasi xadimləri, yazıçıları tərəfindən milli kimliyimiz və dövlətçilik ənənələrimizin gələcək nəsillərə ötürülməsi yönündə mühüm addımlar atılıb.
Gənclər Təşkilatları Milli Şurası vətənpərvərlik ənənələrini yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədilə Azərbaycan Xalq Cümhuriyyətinin 103 illiyi münasibətilə silsilə tədbirlər həyata keçirib.
Şuranın və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) birgə təşkilatçılığı ilə “Cümhuriyyət parlamentariləri” mövzusunda gənc debatçıların iştirakı ilə Paris Sülh Konfransında ölkəmizin de-fakto tanınması prosesinin simulyasiyası keçirilib.
Silsilə tədbirlər çərçivəsində gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı ilə Gəncə şəhərindəki Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin fəaliyyət göstərdiyi binadakı muzey ziyarət edilib. Gənclər muzeydə nümayiş etdirilən və Cümhuriyyət dövrünə aid eksponatlarla tanış olublar.
Səfər zamanı gənclər Cümhuriyyətin keçdiyi 23 aylıq şərəfli yolu, parlamentin son iclasındakı gərgin müzakirələri ətraflı əks etdirən “Son iclas” filmini izləyiblər.
Filmin nümayişindən sonra gənclər çıxış edərək dövlət müstəqilliyi, beynəlxalq aləmdə əldə edilən uğurlar, 103 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, eləcə də bu ənənələrə söykənərək XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpası və ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müasir müstəqil dövlətçiliyimizin bərqərar olmasından danışıblar.
Silsilə tədbirlərin davamı olaraq Şura tərəfindən sosial mediada onlayn kampaniya təşkil edilərək Azərbaycan Xalq Cümhuriyyəti haqqında posterlər hazırlanıb.
Azərbaycan dövlətçiliyini, milli maraqları hər şeydən üstün tutan böyük dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik tarixində mühüm yerə malik olduğunu, müasir Azərbaycan dövlətinin məhz 1918-ci ildə yaranmış Cümhuriyyətinin varisi olmasını dəfələrlə bəyan edib. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikası Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə inkişaf yolunda əmin addımlarla irəliləyir.