CƏMİYYƏT
Gənclər üçün təşkil edilmiş “Yaşıl iqtisadiyyat” ekoloji düşərgəsi başa çatmışdır
Bakı, 5 avqust (AZƏRTAC). Gənclər və İdman Nazirliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun, İDEA kampaniyasının, “Təbiət Elmləri” İctimai Birliyinin dəstəyi ilə “İrəli” İctimai Birliyinin (İB) yaşıllar klubunun “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda təşkil etdiyi “Yaşıl iqtisadiyyat” ekoloji düşərgəsi avqustun 5-də uğurla başa çatmışdır.
“İrəli” İB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, düşərgənin son günü iştirakçılar üçün “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiya təşkil olunmuşdur. Gənclər qoruq ərazisindəki qayaüstü rəsmlər, qavaldaşı, keramika, məişət və bəzək əşyaları, silah və sikkələrlə tanış olmuş, ibtidai yaşayış sahələrini və emalatxanaları gəzmişlər.
Daha sonra panellərdə “Yaşıl marketing” və “Təbiət və səmərəli texnologiya” mövzularında təqdimatlar keçirilmişdir. Eyni zamanda, iştirakçılara “Yaşıl iqtisadiyyat” mövzusunda tapşırıqlar verilmiş və onlar 3 komandaya bölünərək 2 saat ərzində maraqlı layihələr təqdim etmişlər.
Sonda düşərgə iştirakçılarına sertifikatlar təqdim edilmişdir.