Gənclər və İdman Nazirliyində vətənpərvər karateçimizlə görüş olub
Bakı, 22 fevral, AZƏRTAC
Fevralın 22-də gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Tehranda keçirilən karate üzrə beynəlxalq turnirin qalibi Zəhra Salmanlı ilə görüşüb.
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, nazir müavini bütün rəqiblərinə qalib gələrək birinci yeri tutan idmançımızı təbrik edib və Azərbaycan bayrağının müdafiəsində göstərdiyi qəhrəmanlığa görə Zəhraya təşəkkürünü bildirib.
Görüşdən sonra gənc idmançıya mükafat və diplom təqdim olunub.
Qeyd edək ki, Tehranda turnirin keçirildiyi zalda Azərbaycan bayrağının erməni bayrağı altında asıldığını görən Zəhra buna etirazını bildirib və təşkilatçılara bayrağın yerinin dəyişdirilməyəcəyi təqdirdə yarışda iştirak etməyəcəyini söyləyib. İdmançımızın kəskin etirazından sonra Azərbaycan bayrağının yeri dəyişdirilib.
Daha sonra yarışa başlayan Zəhra rəqiblərini məğlub edib və 1-ci yerə çıxıb.