ELM VƏ TƏHSİL
Gənclərin İqtisadiyyat Olimpiadası: 50 tələbə biliklərini sınayıb
Bakı, 11 oktyabr, AZƏRTAC
Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “2024 – Gənclərin İqtisadiyyat Olimpiadası” keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, AzMİU-nun Tikinti-iqtisad fakültəsində təşkil olunan olimpiadada iqtisadiyyatyönümlü ixtisaslarda təhsil alan 50 gənc öz biliklərini sınamaq imkanı əldə edib.
İqtisadiyyat olimpiadasının əsas məqsədi tələbələrin iqtisadi sahədəki bilik və bacarıqlarını qiymətləndirmək, səriştəsi və bacarığı ilə digər gənclərdən fərqlənənləri tanımaqdır. Qeyd olunub ki, bu cür olimpiadalar, iştirakçıların analitik düşüncə tərzini inkişaf etdirmək və yüksək potensiala sahib gəncləri üzə çıxarmaq baxımından önəmli addımdır.
Sonda olimpiadada iştirak edən bütün tələbələrə sertifikatlar təqdim olunub.
İqtisadiyyat olimpiadasında ən yüksək nəticə göstərən 15 tələbə “FZ Academy” tərəfindən müxtəlif kurslar üzrə 6 aylıq ödənişsiz təhsil paketi əldə edəcək. Bu, iştirakçılara əlavə bilik və bacarıqlar qazanmaq, onların peşəkar inkişaflarına yönəlmiş yeni perspektivlər açmaq baxımından önəmli olacaq.