General-mayor: Azərbaycan Ordusu qlobal sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verib
Bakı, 2 iyul, AZƏRTAC
Azərbaycan ordusunun sülhməramlı əməliyyatları barədə danışanda, biz xüsusilə vurğulamalıyıq ki, uzun müddət Azərbaycan Ordusu beynəlxalq, qlobal sülhə, təhlükəsizliyə və sabitliyə öz töhfəsini verib. Bu fəaliyyət Azərbaycan Ordusunun tarixində çox önəmli bir rol oynayır.
AZƏRTAC xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Elçin Abdullayev iyulun 2-də “Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat”ın təqdimatı zamanı deyib.
O bildirib ki, Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarda iştirakından danışarkən, ilk növbədə, Kosovo, Əfqanıstan və İraqda həyata keçirilmiş missiyaları qeyd etmək lazımdır. Eyni zamanda, bu fəaliyyət bu gün də davam etdirilir. Bildiyiniz kimi, hazırda Azərbaycan Ordusunun nümayəndələri BMT-nin Cənubi Sudandakı missiyasında iştirak edərək beynəlxalq təhlükəsizliyə öz töhfələrini verirlər.