Avropa İttifaqı Azərbaycanın regiondakı roluna əvvəlki dövrlərlə müqayisədə daha geniş prizmadan yanaşır ŞƏRH
Bakı, 2 iyul, AZƏRTAC
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri və Prezident İlham Əliyev ilə Bakıda mətbuata verdikləri birgə bəyanatlar təkcə növbəti diplomatik görüş kimi deyil, Azərbaycan–Avropa İttifaqı (Aİ) münasibətlərinin yeni mərhələsini müəyyən edən mühüm siyasi hadisədir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.
Görüşün diqqətçəkən məqamlarından danışan politoloq bildirib ki, Avropa İttifaqı Azərbaycanın regiondakı roluna əvvəlki dövrlərlə müqayisədə daha geniş prizmadan yanaşır: “Əgər ötən illərdə əməkdaşlığın əsas ağırlıq mərkəzi enerji sahəsi idisə, hazırda siyasi dialoq, nəqliyyat-kommunikasiya, yaşıl enerji, rəqəmsal bağlantılar, regional təhlükəsizlik və Cənubi Qafqazda davamlı sülh məsələləri də tərəfdaşlığın mühüm elementləri kimi çıxış edir. Bu isə göstərir ki, Azərbaycan artıq Avropa İttifaqının yalnız enerji tərəfdaşı deyil, bütövlükdə Avrasiya məkanında etibarlı strateji tərəfdaşlarından biri kimi qəbul olunur.
“Son onillikdə baş verən qlobal hadisələr Azərbaycan–Avropa İttifaqı münasibətlərinə yeni məzmun qazandırıb. Xüsusilə enerji bazarında yaranan dəyişikliklər, qlobal təchizat zəncirlərinin yenidən formalaşması, Rusiya–Ukrayna müharibəsinin Avropa iqtisadiyyatına təsiri və alternativ enerji marşrutlarına artan tələbat ölkəmizin strateji əhəmiyyətini daha da yüksəldib. Avropa İttifaqı artıq Azərbaycanı yalnız karbohidrogen ehtiyatlarına malik ölkə kimi deyil, həm də enerji təhlükəsizliyinin, logistikanın və regional sabitliyin təmin olunmasında əsas tərəfdaşlardan biri kimi qiymətləndirir.
Bu yeni yanaşmanın formalaşmasında Azərbaycanın həyata keçirdiyi müstəqil və ardıcıl siyasətin mühüm rolu var. Ölkəmiz beynəlxalq münasibətlər sistemində heç bir qarşıdurmanın tərəfinə çevrilmədən bütün əsas güc mərkəzləri ilə əməkdaşlığı inkişaf etdirməyə nail olub. Bu model həm Avropa İttifaqı, həm ABŞ, həm Çin, həm də digər beynəlxalq tərəfdaşlar tərəfindən diqqətlə izlənilir və Azərbaycanın etibarlı tərəfdaş imicini möhkəmləndirir”, - deyə Y.Hacızadə vurğulayıb.
O əlavə edib ki, Azərbaycanın bugünkü mövqeyini müəyyən edən əsas amillərdən biri də ölkənin coğrafi üstünlüklərini iqtisadi və siyasi üstünlüklərə çevirməsidir. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan son illərdə limanlar, dəmir yolları, avtomobil magistralları, logistika mərkəzləri və enerji infrastrukturu sahəsində milyardlarla dollar həcmində investisiya yatırıb. Nəticədə ölkə yalnız tranzit ərazi deyil, Avrasiyanın mühüm logistika və kommunikasiya qovşaqlarından birinə çevrilib. Həmçinin ölkəmiz coğrafi üstünlüyünün verdiyi imkanları bərabər istifadə etmək istəyən bütün tərəflərə açıq elan edib.
Bu amillər Avropa İttifaqının da diqqət mərkəzindədir. Brüssel artıq Azərbaycanın malik olduğu infrastrukturun təkcə Cənubi Qafqaz üçün deyil, bütövlükdə Avropa ilə Mərkəzi Asiya arasında əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını qəbul edir. Buna görə son illərdə Orta Dəhliz, Trans-Xəzər Nəqliyyat Marşrutu və enerji bağlantıları ilə bağlı əməkdaşlıq gündəliyin əsas mövzularından birinə çevrilib.
“Azərbaycan–Avropa İttifaqı münasibətlərinin bugünkü mərhələsi onu göstərir ki, tərəflər artıq klassik donor–tərəfdaş münasibətlərindən uzaqlaşaraq bərabərhüquqlu strateji əməkdaşlıq modelinə keçiblər. Bu model qarşılıqlı maraqların uzlaşdırılmasına, uzunmüddətli etimada və regional sabitliyin təmin olunmasına əsaslanır. Prezident İlham Əliyev ilə Ursula Fon der Lyayenin Bakıda verdikləri bəyanatlar yalnız mövcud əməkdaşlığın təsdiqi deyil, həm də gələcək strateji gündəliyin konturlarını müəyyən edən mühüm siyasi sənəd xarakteri daşıyır. Məhz bu baxımdan Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Bakıya səfərindən qısa müddət sonra Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin də Azərbaycana gəlməsi adi diplomatik təmas deyil, Brüsselin Cənubi Qafqaz siyasətində Azərbaycanın tutduğu yerin daha da möhkəmləndiyini göstərən mühüm siyasi hadisədir”, - deyə politoloq bildirib.
Y.Hacızadə əlavə edib ki, Avropa İttifaqının iki əsas institutunun rəhbərlərinin ardıcıl şəkildə Bakıya səfər etməsi bir neçə mühüm siyasi məna daşıyır. İlk növbədə, bu səfərlər Avropa İttifaqının 27 üzv dövləti adından Azərbaycana verilən yüksək siyasi dəyərin ifadəsidir. İkincisi, Brüssel Azərbaycanın regionda formalaşdırdığı yeni reallıqları qəbul etdiyini və bu reallıqlar əsasında münasibətləri daha da inkişaf etdirmək niyyətində olduğunu nümayiş etdirir. Üçüncüsü isə Avropa İttifaqı Cənubi Qafqazda uzunmüddətli sabitliyin və iqtisadi əməkdaşlığın əsas təminatçılarından birinin Azərbaycan olduğunu açıq şəkildə etiraf edir.