Beynəlxalq Cinayət Məhkəməsi Burkina Faso, Mali və Nigerin qərarından narahatdır
Paris, 2 iyul, AZƏRTAC
Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) təsis sənədi olan Roma Statutuna üzv dövlətlərin Assambleyasının (AEP) prezidenti Peyvi Kaukoranta Burkina Faso, Mali və Nigerin məhkəmədən çıxmaq təşəbbüsü ilə bağlı narahatlığını ifadə edib. O bildirib ki, belə bir qərar beynəlxalq ədalət sisteminə və cəzasızlıqla mübarizə üzrə qlobal səylərə mənfi təsir göstərə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə AEP-in yaydığı bəyanatda bildirilib.
Bəyanata əsasən, Roma Statutundan çıxmaq kollektiv ədalət mexanizmini zəiflədə və beynəlxalq cinayətlərin cəzasız qalmasının qarşısının alınmasına yönəlmiş qlobal səylərə zərbə vura bilər.
Sənəddə vurğulanır ki, Beynəlxalq Cinayət Məhkəməsi beynəlxalq məsuliyyət sisteminin əsas institutlarından biridir və onun səmərəli fəaliyyəti üzv dövlətlərin davamlı dəstəyindən asılıdır.
Assambleya Burkina Faso, Mali və Nigeri Roma Statutunun üzvü olaraq qalmağa və narahatlıqlarını Assambleyanın mövcud dialoq mexanizmləri vasitəsilə müzakirə etməyə çağırıb. Həmçinin xatırladılıb ki, Statutdan çıxmaq dövlətləri üzvlük dövründə yaranmış hüquqi öhdəliklərdən azad etmir.
Niger 2026-cı il iyunun 18-də BMT-yə BCM-dən çıxmaq barədə rəsmi bildiriş təqdim edib. Roma Statutuna əsasən, bu qərar 2027-ci il iyunun 18-də qüvvəyə minəcək.
Xatırladaq ki, 2025-ci ilin sentyabrında Sahel Dövlətləri Konfederasiyasına (AES) daxil olan Burkina Faso, Mali və Niger Beynəlxalq Cinayət Məhkəməsindən çıxmaq qərarı qəbul etmişdilər. Bu ölkələr Beynəlxalq Cinayət Məhkəməsini müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və soyqırımı hallarının araşdırılmasında səmərəsiz fəaliyyət göstərməkdə ittiham etmişdilər.
Həmin dövrdə keçid dövrünün Mali prezidenti və AES-in sədri olan Assimi Qoyta məhkəmənin zaman keçdikcə neokolonial təzyiq alətinə çevrildiyini və beynəlxalq ədaləti seçici şəkildə tətbiq etdiyini bildirmişdi. Onun sözlərinə görə, hər üç ölkə uzun illər BCM ilə əməkdaşlıq etsə də, məhkəmənin fəaliyyəti onların gözləntilərini doğrultmayıb.