İsa Həbibbəyli: Türk Dünyası Kitabxanalar Birliyinin yaradılması mühüm addımlardan biridir
Bakı, 2 iyul, AZƏRTAC
Türk Dünyası Kitabxanalar Birliyinin yaradılması Birinci Türkoloji Qurultayın ideyalarının həyata keçirilməsi istiqamətində atılmış mühüm addımlardan biridir. Bu təşəbbüs, eyni zamanda, Qurultayın müəyyən etdiyi məqsəd və prinsiplərin gələcək mərhələdə təşkilatlanmış şəkildə davam etdirilməsinə xidmət edən mühüm platformadır. Birinci Türkoloji Qurultayın stenoqrafik hesabatı indiyədək yalnız Qurultayın 80 illiyi münasibətilə nəşr edilmişdi. Həm Azərbaycan, həm də rus dilində çap olunan həmin nəşrlərdə müəyyən tərcümə qüsurları və mətn çatışmazlıqları mövcud idi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində keçirilən Türk Dünyası Milli Kitabxanaları Birliyinin yaradılmasına, "Birinci Türkoloji Qurultay Stemoqrafik hesabat" və "Birinci Türkoloji Qurultay Biblioqrafiya" kitablarının təqdimatına həsr olunmuş tədbirdə deyib.
O qeyd edib ki, yeni nəşrdə bu boşluqlar aradan qaldırılıb. “Həm mətnin tam və dəqiq bərpası, həm də yüksək poliqrafik keyfiyyəti baxımından bu kitab Türkoloji Qurultayın 100 illiyi münasibətilə Azərbaycan elminə və cəmiyyətinə təqdim olunan ən sanballı nəşrlərdən biridir. Gələcəkdə bu stenoqrafik hesabatın daha geniş coğrafiyada, ilk növbədə isə Türk dünyasında yayılması məqsədəuyğun olardı. Kitabın türk ölkələrinin kitabxanalarında da nəşri və istifadəyə verilməsi onun elmi əhəmiyyətini daha da artıracaq. Artıq Türkiyə Kitabxanalar Birliyi bu nəşr haqqında məlumatlandırılıb, Özbəkistanda isə ilk nəşr artıq işıq üzü görüb. İnanıram ki, yaxın gələcəkdə bu proses digər türk dövlətlərində də davam edəcək.
Bu əsər türkologiyanın fundamental qaynaqlarından biridir. Birinci Türkoloji Qurultayın stenoqrafik hesabatı Azərbaycan türkologiyasının, Azərbaycan humanitar elminin, ümumilikdə isə ictimai və humanitar elmlərin inkişaf tarixində mühüm başlanğıc nöqtəsidir. Bu sənəd həm proqram, həm salnamə, həm tarixi akt, həm də gələcək inkişaf üçün bir manifestdir. Bu kitabın belə yüksək səviyyədə hazırlanaraq elmi ictimaiyyətə təqdim olunması türkologiyanın yeni mərhələdə Birinci Türkoloji Qurultayın müəyyən etdiyi çoxvektorlu inkişaf modeli əsasında inkişafına mühüm töhfə verəcək”,- deyə İ.Həbibbəyli əlavə edib.