Elçin Babayev: Yeni nəşrlərdə Qurultayın bütün iclasları tam və ardıcıl şəkildə əks olunub
Bakı, 2 iyul, AZƏRTAC
“Birinci Türkoloji Qurultay: Stenoqrafik hesabat” ilk dəfə Qurultayın 80 illiyi münasibətilə BDU alimləri tərəfindən tərcümə edilərək nəşr olunmuşdu. Sonrakı illərdə həm qurultay materiallarının yeni elmi baxış prizmasından yenidən qiymətləndirilməsinə, həm də müasir nəşr və informasiya texnologiyalarının tətbiqinə ehtiyac yarandığından nəşrin yenilənməsi zəruri idi. Yenilənmiş nəşrdə 2006-cı il tərcüməsi yenidən elmi redaktədən keçirilib. Nəşrin elmi redaktoru Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərovdur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində keçirilən Türk Dünyası Milli Kitabxanaları Birliyinin yaradılması, "Birinci Türkoloji Qurultay: Stemoqrafik hesabat" və "Birinci Türkoloji Qurultay Biblioqrafiya" kitablarının təqdimatında deyib.
Rektor qeyd edib ki, “Türk Dünyası Həftəsi” çərçivəsində dünyanın müxtəlif ölkələrindən nüfuzlu türkoloq alimlərin, dövlət, elm və mədəniyyət xadimlərinin iştirakı ilə beynəlxalq konfranslar, konqreslər və zəngin mədəni proqramlar təşkil olunur.
“Bu mühüm tədbirlər sırasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Əl-Fərabi adına Qazax Milli Universiteti və Türk Dil Qurumunun birgə təşkilatçılığı ilə keçirilən “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” beynəlxalq elmi konfransı xüsusi əhəmiyyət daşıyır. Bu nəşr Birinci Türkoloji Qurultayda müzakirə olunan fundamental məsələlərin yenidən elmi dövriyyəyə daxil edilməsinə, müasir türkologiya araşdırmalarının zənginləşdirilməsinə və ali təhsil müəssisələrində dəyərli tədris vəsaiti kimi istifadəsinə mühüm töhfə verəcək. Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə ölkəmizin görkəmli alim və tədqiqatçıları tərəfindən qurultayın müxtəlif istiqamətlərinə həsr olunmuş çoxsaylı qiymətli nəşrlər hazırlanıb. Şübhəsiz ki, onların hər biri türkologiya, dilçilik və ədəbiyyatşünaslıq elminin inkişafına mühüm töhfə verir. Yeni nəşrlərin əsas üstünlüyü Qurultayın bütün iclaslarının tam və ardıcıl şəkildə əks olunmasıdır. Məruzələr, müzakirələr və qəbul edilmiş qətnamələr orijinal məzmunu qorunmaqla oxuculara təqdim edilir. Bu isə kitabı tədqiqatçılar üçün etibarlı və fundamental elmi mənbəyə çevirir”,- deyə E.Babayev əlavə edib.