Ortaq əlifba: Türk dünyasında yeni əməkdaşlıq mərhələsinin başlanğıcı ŞƏRH
Bakı, 2 iyul, AZƏRTAC
I Türkoloji Qurultayın 100 illiyi ilə bağlı Bakıda keçirilən “Türk Dünyası Həftəsi” Türk Dövlətləri Təşkilatının mədəni və akademik ölçüsünün daha da güclənməsi baxımından mühüm dönüş nöqtəsi ola bilər. Son illər təşkilat çərçivəsində ortaq türk əlifbasının formalaşdırılması istiqamətində görülən işlər göstərir ki, 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayda irəli sürülən ortaq əlifba ideyası müasir dövrdə yenidən həyata keçirilməyə başlanıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Hatay Mustafa Kamal Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti Nəzrin Əlizadə səsləndirib.
Onun sözlərinə görə, Türk Akademiyasının koordinasiyası ilə üzv dövlətlərin dilçi alimləri və mütəxəssislərinin iştirakı nəticəsində 34 hərfdən ibarət Ortaq Türk Əlifbası üzərində razılığın əldə olunması Türk dünyasının ortaq yazı sisteminin formalaşdırılması istiqamətində atılmış ən mühüm addımlardan biridir.
“Bu qərar üzv dövlətlər üçün hüquqi baxımdan məcburi xarakter daşımır və milli əlifbaların qısa müddətdə dəyişdirilməsini nəzərdə tutmur. Bununla belə, ortaq əlifbanın istinad sistemi kimi qəbul edilməsi Türk dünyasında kommunikasiya imkanlarının genişlənməsi, mədəni inteqrasiyanın sürətlənməsi və yeni əməkdaşlıq mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər. Yəni, ortaq türk əlifbasının qəbulu yalnız texniki və ya dilçilik məsələsi kimi qiymətləndirilməməlidir. Əksinə, bu təşəbbüs türk xalqları arasında yazılı ünsiyyətin asanlaşdırılması, ortaq tədris materiallarının hazırlanması, elmi nəşrlərin qarşılıqlı əlçatanlığının artırılması, rəqəmsal məzmun istehsalının vahid standartlara uyğunlaşdırılması və süni intellektəsaslı dil texnologiyalarının inkişaf etdirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bununla yanaşı, ortaq əlifba ortaq tarixi şüurun möhkəmləndirilməsi, mədəni yaddaşın qorunması və türk kimliyinin institusional əsaslar üzərində yenidən formalaşdırılması baxımından da mühüm rol oynayır. Beləliklə, təxminən bir əsr əvvəl I Türkoloji Qurultayında irəli sürülən ortaq əlifba vizyonu XXI əsrin rəqəmsal transformasiya və regional inteqrasiya dinamikaları fonunda yenidən aktuallıq qazanaraq Türk Dövlətləri Təşkilatının institusionallaşması prosesinə birbaşa töhfə verir", - deyə N.Əlizadə vurğulayıb.

Ekspert hesab edir ki, ortaq tarix konsepsiyasının hazırlanması, akademik mübadilə proqramlarının genişləndirilməsi, türk universitetləri arasında birgə magistratura və doktorantura proqramlarının yaradılması, elmi-tədqiqat mərkəzlərinin formalaşdırılması və vahid rəqəmsal akademik məlumat bazalarının qurulması Türk dünyasının intellektual inteqrasiyasını daha da sürətləndirəcək.
“Türk Dövlətləri Təşkilatının institusional inkişaf strategiyasını dəstəkləyəcək genişmiqyaslı "Türk Dünyası Forumu" formatlı tədbirlərin keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu platformalar vasitəsilə türk dövlətlərindən alimlərin, tədqiqatçıların, tələbələrin, gənc liderlərin, analitik mərkəzlərin və vətəndaş cəmiyyəti nümayəndələrinin bir araya gəlməsi ortaq elmi düşüncənin formalaşmasına, multidisiplinar əməkdaşlığın genişlənməsinə, ümumi tarixi yaddaşın və ortaq mədəni kimliyin gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verəcək. Hazırda Türk Dövlətləri Təşkilatının inkişafı yalnız mədəni əməkdaşlıqla məhdudlaşmır. Beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, müdafiə sənayesi və regional təhlükəsizlik məsələlərini də təşkilatın əsas prioritetləri sırasına çıxarıb. Prezident İlham Əliyevin Türk Dövlətləri arasında müdafiə və hərbi əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı mövqeyi təşkilatın gələcək strateji inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm yanaşmadır. Prezidentin qeyd etdiyi kimi, ortaq təhlükəsizlik konsepsiyasının formalaşdırılması təkcə üzv dövlətlərin müdafiə imkanlarını artırmayacaq, eyni zamanda, regional sabitliyin möhkəmlənməsinə də xidmət edəcək”, - deyə dosent bildirib.
N.Əlizadə vurğulayıb ki, “Türk Dünyası Həftəsi”nin Bakıda keçirilməsi təşəbbüsü Türk Dövlətləri Təşkilatının gələcəyinə hesablanmış strateji baxışın tərkib hissəsidir. Ortaq Türk Əlifbasının geniş tətbiqi, ortaq akademik və mədəni layihələrin inkişafı, müdafiə və təhlükəsizlik əməkdaşlığının dərinləşdirilməsi, Zəngəzur dəhlizi və Orta Dəhliz layihələrinin reallaşdırılması, həmçinin enerji sahəsində inteqrasiyanın gücləndirilməsi Türk dünyasının siyasi, iqtisadi və humanitar birliyini daha da möhkəmləndirəcək.
Müxbir - Səbinə Əlizadə