Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Müşahidə Şurasının növbəti iclası keçirilib
Bakı, 2 iyul, AZƏRTAC
İyulun 1-də Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri (HEQT) Mərkəzinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Mərkəzin 2026-cı ilin birinci yarımili üzrə fəaliyyətinə dair hesabatı dinlənilib, habelə “Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin Fərmanından irəli gələn vəzifələr müzakirə olunub.
Müşahidə Şurasının sədri Gündüz Kərimov gündəlikdə olan məsələləri iştirakçıların diqqətinə çatdırıb.
Sonra çıxış edən HEQT Mərkəzinin İcraçı direktoru Samir Mahmudov cari ilin birinci yarımili üzrə Mərkəzin fəaliyyəti, onun işinin təşkili, kadrların formalaşdırılması, həmçinin fəaliyyət istiqamətləri ilə əlaqədar görülmüş işlər, gələcək hədəflər və planlar barədə iclas iştirakçılarına ətraflı məlumat verib.
Bundan sonra Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxış edərək cari ilin birinci yarımili ərzində həyata keçirilmiş fəaliyyətlər, layihələr və qarşıdakı planlar barədə məlumat verib.
İclasda, həmçinin Mərkəz tərəfindən əvvəlki dövrlərdə görülmüş işlər və əldə olunmuş nailiyyətlər də müzakirə edilib, onun Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli Fərmanı ilə büdcə təşkilatı qismində yenidən təşkili və bundan sonrakı fəaliyyətinin yeni çağırışlara uyğun qurulması ilə bağlı məsələlərə də toxunulub. Bildirilib ki, ötən dövr ərzində Mərkəz tərəfindən həyata keçirilən tədbirlər normayaratma fəaliyyətində vahid yanaşmanın formalaşdırılmasına, hüquqi aktların keyfiyyətinin yüksəldilməsinə və qanunvericilik prosesinin təkmilləşdirilməsinə mühüm töhfə verib. Həmçinin qeyd olunub ki, Mərkəz qısa müddət ərzində qarşıya qoyulan hədəflərin öhdəsindən uğurla gəlib, aidiyyəti dövlət orqanları ilə səmərəli əməkdaşlıq əlaqələri quraraq qarşıya qoyulan vəzifələrin icrasını yüksək səviyyədə təmin edib. Mərkəzin bundan sonra da hüquqi ekspertiza və qanunvericilik təşəbbüsləri sahəsində fəaliyyətini uğurla davam etdirəcəyinə əminlik ifadə olunub.
Həmçinin Mərkəzin və İnstitutun cari fəaliyyəti ilə əlaqədar olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb, növbəti il üçün planlar və hədəflər müzakirə edilib. Yekunda Mərkəzin və İnstitutun 2026-cı ilin birinci yarımili üzrə fəaliyyətləri Müşahidə Şurasının üzvləri tərəfindən qənaətbəxş hesab edilib.