Geosiyasi risklər fonunda kritik minerallar sektoruna investisiyalar 9 faiz azalıb - Hesabat
Bakı, 16 iyul, AZƏRTAC
Geosiyasi risklər fonunda kritik minerallar enerji, iqtisadiyyat və milli təhlükəsizlik baxımından strateji əhəmiyyətini daha da artırıb.
AZƏRTAC Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına istinadla xəbər verir ki, son illərdə ucuzlaşan kritik minerallar ötən il və bu ilin əvvəlində tədarükün məhdudlaşması, həmçinin istehsalçı ölkələrin tətbiq etdiyi yeni ixrac məhdudiyyətləri səbəbindən yenidən bahalaşıb. Qiymət dəyişkənliyi və geosiyasi qeyri-müəyyənlik investisiyalara da mənfi təsir göstərib. Belə ki, kritik minerallar sektoruna investisiyalar 2025-ci ildə 9 faiz azalıb.
Hesabata əsasən, son iki ildə emal edilmiş məhsul istehsalındakı artımın 75 faizdən çoxu nikel üzrə İndoneziyanın, digər əsas enerji mineralları üzrə isə Çinin payına düşüb. Manqan, nikel və qrafit kimi bazarlarda bu dövrdə təklif artımının demək olar ki, hamısı dominant təchizatçı tərəfindən təmin edilib. Bununla yanaşı, hökumətlər kritik mineral təchizatının genişləndirilməsi və şaxələndirilməsinə dəstəyi artırıb. Dövlət maliyyə öhdəlikləri 2023-2025-ci illərdə dörd dəfədən çox artaraq 65 milyard dollara çatıb. Nadir torpaq elementlərinin emalı sahəsində ABŞ-də yeni layihələrin həyata keçirilməsi və Malayziyada istehsalın artırılması nəticəsində əsas təchizatçının bazar payı 2023-cü ildəki 90 faizdən 2025-ci ildə 85 faizə enib. Planlaşdırılan layihələrin vaxtında icra olunacağı təqdirdə bu göstəricinin 2035-ci ilədək 70 faizə qədər azalacağı proqnozlaşdırılır. Çinin 2025-ci ilin aprelində nadir torpaq elementlərinə tətbiq etdiyi ixrac nəzarəti bəzi avtomobil istehsalçılarının istehsalı azaltmasına və ya müvəqqəti dayandırmasına səbəb olub. 2025-ci ilin oktyabrında bu məhdudiyyətlər daha da genişləndirilib. Onların tətbiqi bir il təxirə salınsa da, tam qüvvəyə minəcəyi halda Çin xaricində illik 6,5 trilyon dollar həcmində məhsul istehsalının risk altına düşəcəyi qiymətləndirilir.
IEA strateji əhəmiyyət daşıyan kiçikhəcmli minerallara da daha çox diqqət yetirilməsinin vacibliyi vurğulayıb. Bildirilir ki, bu mineralların bazarı nisbətən kiçik olsa da, tədarükün pozulması iqtisadiyyat üçün ciddi nəticələr yarada bilər. Güclü dövlət dəstəyi və beynəlxalq əməkdaşlıq şəraitində bu sahədə təchizat təhlükəsizliyinin münasib xərclərlə gücləndirilməsi mümkündür.
Agentliyin icraçı direktoru Fatih Birol deyib ki, nadir torpaq elementləri üzrə həyata keçirilən məqsədyönlü siyasət və investisiya dəstəyi artıq müsbət nəticələr verməyə başlayıb: “Şaxələndirilmiş təchizat müəyyən qədər əlavə xərc tələb etsə də, geosiyasi qeyri-müəyyənlik dövründə bu, iqtisadi təhlükəsizliyin təmin olunması üçün zəruri sığorta rolunu oynayır”.
Hesabatda vurğulanır ki, kritik minerallar son məhsulların maya dəyərində nisbətən kiçik paya malikdir. Belə ki, onlar batareya elementinin dəyərinin təxminən 25 faizini, orta elektrik avtomobilinin satış qiymətinin isə cəmi 3 faizini təşkil edir. Nadir torpaq elementləri daimi maqnitlərin dəyərinin təxminən 40 faizini təşkil etsə də, avtomobilin ümumi dəyərində onların payı 1 faizdən azdır.
IEA hesab edir ki, təchizat zəncirlərinin şaxələndirilməsi yalnız yeni layihələrin həyata keçirilməsi ilə məhdudlaşmamalıdır. Bunun üçün texnologiya və avadanlıq sahəsində mövcud məhdudiyyətlərin aradan qaldırılması, eləcə də ixtisaslı kadr potensialının gücləndirilməsi vacibdir.