SİYASƏT
Gərginliyin əsas səbəbi Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğudur
![Gərginliyin əsas səbəbi Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğudur](/files/2016/1/1200x630/145977148933615148_1200x630.jpg)
Bakı, 4 aprel, AZƏRTAC
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan prezidenti Serj Sarkisyanın atəşkəs haqqında açıqlamasına cavab verib.
Hikmət Hacıyev deyib ki, ilk olaraq Azərbaycan tərəfindən əks-həmlə və cavab tədbirlərinin birtərəfli qaydada dayandırılması barədə aprelin 3-də qərar qəbul edilib. Azərbaycan tərəfinin bu sülhpərvər və xoşməramlı niyyətinə baxmayaraq, Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini və mülki şəxsləri hədəfə alaraq, qoşunların təmas xətti boyunca Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqda davam edir.
Mətbuat katibi qeyd edib ki, Azərbaycan Respublikası atəşkəsə hazırdır. Lakin Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, işğal edilmiş bütün Azərbaycan ərazilərindən çıxarılmalı və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır.
Azərbaycan dəfələrlə bəyan edib ki, atəşkəsin pozulması və gərginliyin yaranmasının əsas səbəbi Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğudur.