CƏMİYYƏT
Gigiyenik normalara əməl etməyən sahibkarlar cərimələnmişlər
Bakı, 24 fevral (AZƏRTAC). Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi bu ilin yanvar ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanılması və daşınması ilə məşğul olan müəssisələrdə apardığı araşdırmanın nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırma zamanı sanitariya norma və qaydalarının tələblərini pozan bir çox müəssisələr aşkar edilmişdir. Gigiyenik normalara cavab verməyən məhsul istehsalına görə 31 müəssisənin sahibkarı inzibatı qaydada cərimə olunmuş, 2 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 1 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır.
Bundan başqa, laboratoriyada yoxlanılmış yeyinti məhsulları nümunələrinin 10-da orqanoleptik və fiziki-kimyəvi, 5-də mikrobioloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən olunmuş, şadlıq evlərindən götürülmüş 920 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilmişdir.