“GİLAN HOLDİNG” TURİZM-İSTİRAHƏT KOMPLEKSİ TİKİR
Azərbaycan Prezident İlham Əliyev Qəbələ rayonuna səfəri çərçivəsində “Gilan Holding” Şirkətlər Qrupunun Turizm-istirahət kompleksinin tikintisi ilə də tanış olmuşdur. İnşaasına keçən il başlanılmış kompleksdə hazırda beşmərtəbəli iki mehmanxana tikilir. Beşulduzlu nəzərdə tutulan 6 mərtəbəli mehmanxanada isə son tamamlama işləri görülür. Kompleksdə 21 kottec artıq hazırdır. Gələcəkdə restoran, üzgüçülük hovuzu, idman, konfrans salonları da olacaqdır. Tikintidə hazırda 200 nəfər çalışır. Kompleks tam hazır olandan sonra 100 nəfər daimi işlə təmin ediləcəkdir. Təqribən 11 milyon manat sərmayə qoyulacaq kompleksin tikinti işlərini yerli “Şinkar İnşaat” şirkəti yerinə yetirir.Prezident İlham Əliyev tikinti işləri ilə tanış oldu, kottecləri gəzdi. Dövlətimizin başçısı inşaatçılarla görüşdü, xarici turistlərin cəlb edilməsi üçün görülən işlərin, o cümlədən binaların xarici görünüşünün yüksək səviyyədə olmasının zəruriliyini söylədi.