Gömrük Akademiyası Türk Standartları İnstitutunun Azərbaycandakı nümayəndəliyi ilə saziş imzalayıb
Bakı, 27 fevral, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Türk Standartları İnstitutu (TSİ) tərəfindən akademiyanın şəxsi heyəti üçün təlimlərin keçirilməsi məqsədilə TSİ-nin Azərbaycandakı nümayəndəliyi ilə saziş imzalanıb.
Akademiyanın ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə DGKA-nın rəisi Qulu Novruzov, TSİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Gülhan Yüzereroğlu, TSİ-nin Türkiyədən dəvət olunmuş nümayəndəsi Arif Qani və akademiya kollektivi iştirak ediblər.
Q.Novruzov akademiyanın fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkil olunması üçün hazırda bu sahədə müvafiq işlərin həyata keçirildiyini deyib. O, DGKA-nın 4 standart üzrə ISO-nun sertifikatlarına sahib olmağı hədəf seçdiklərini vurğulayıb. Akademiyanın rəisi fəaliyyətin beynəlxalq standartlara uyğun qurulması üçün ilk olaraq keyfiyyətin təminatı üzrə beynəlxalq standart sertifikatının əldə edilməsinin vacibliyini bildirib.
G.Yüzereroğlu isə təmsil etdiyi qurum haqqında danışıb, akademiyaya lazımi dəstəyi verməyə hər zaman hazır olduğunu bildirib. O, sazişin TSİ ilə DGKA arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində ilk addım olduğunu nəzərə çatdırıb.
Sonra TSİ-nin Türkiyədən dəvət olunmuş nümayəndəsi akademiya əməkdaşları üçün təlimə başlayıb.