İQTİSADİYYAT
GÖMRÜKÇÜLƏRİN BEYNƏLXALQ KONFRANSI KEÇİRİLMİŞDİR
Tədbirdə MDB dövlətləri arasında yük daşımalarının həcminin artması ilə bağlı gömrük məntəqələrində yaranmış problemlər, qaçaqmalçılıqla mübarizə, gömrük qaydalarının sadələşdirilməsi, vahid informasiya sisteminin yaradılması və digər məsələlər müzakirə edilmişdir.
Xəzər şelfində həm yerli, həm də xarici şirkətlərin fəaliyyətinin genişlənməsi nəticəsində Xəzəryanı regionda yük dövriyyəsinin həcmi də artmışdır. Bu, təkcə karbohidrogen ehtiyatlarının daşınması ilə yox, həm də avadanlığın gətirilməsi ilə bağlıdır.
İri neftçıxarma şirkətlərinin fəaliyyəti gömrük qaydalarının sadələşdirilməsindən birbaşa asılıdır. Bu ildən Qazaxıstanda yeni gömrük Kodeksi fəaliyyət göstərir. Yaxın zamanlarda Rusiya və Gürcüstanda yeni gömrük qanunları qəbul edəcəklər.
Çıxış edənlər demişlər ki, MDB dövlətlərinin və Baltikyanı ölkələrin gömrük kodeksləri Avropa gömrük xidməti qaydalarına uyğunlaşdırılmalıdır.
Növbəti konfrans Gürcüstanda keçiriləcək.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri