Goranboyda karantin rejimini pozan çayxana aşkarlanıb
Bakı, 28 avqust, AZƏRTAC
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları xidmət aparan zamanı rayonun Xınalı kəndi ərazisində gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıblar. Obyektin sahibi Məhəbbət Həsənov və müştərilər Teymur Həsənov, Vaqif Verdiyev, Sadiq Verdiyev və Rizvan Əmrahov saxlanılaraq rayon polis şöbəsinə gətiriliblər. Onlar İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə ediliblər.
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının mütəmadi olaraq keçirdikləri reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan 823 nəfər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimələnib, 11 nəfər barəsində isə rayon məhkəməsinin qərarı ilə inzibati həbs seçilib.
Bundan başqa, rayon polis şöbəsi əməkdaşlarının sayıq xidməti nəticəsində bir toy, iki nişan, bir ad günü və bir yas mərasiminin qarşısı alınıb. Rayon ərazisində xüsusi karantin rejimi tətbiq olunmasına baxmayaraq, xidmət göstərən 18 iaşə obyekti aşkarlanaraq fəaliyyəti dayandırılıb.