GÖRKƏMLİ ALİMİN YUBİLEYİ İLƏ BAĞLI ƏDƏBİ-BƏDİİ GECƏ KEÇİRİLMİŞDİR
Tədbirdə ətraf mühitin mühafizəsində və təbiətimizin zənginləşməsində misilsiz xidmətləri olmuş cəfakeş elm xadiminin fəaliyyətindən söz açılmışdır. Bildirilmişdir ki, 86 il ömür yaşamış əməkdar elm xadimi, Dövlət mükafatı laureatı akademik Həsən Əliyev Azərbaycanın təbii sərvətlərinin öyrənilməsi, təbii-coğrafi və iqtisadi rayonlaşması sahəsində səmərəli elmi tədqiqat işləri aparmışdır. O, meşələrin intensiv qırılmasının, suyun, havanın, torpağın çirkləndirilməsinin, flora və faunanın məhv edilməsinin qarşısının alınmasında böyük işlər görmüşdür.
Çıxış edənlər ölkəmizdə ekoloji savadlılığın artırılmasında, nəsli kəsilməkdə olan canlıların, habelə heyvanat və bitki aləminin mühafizəsində böyük xidmətləri olmuş elm fədaisinin gözəl insani keyfiyyətlərindən, vətənpərvərliyindən, təşkilatçılıq qabiliyyətindən danışmış, sadəliyi, mənəvi saflığı, aydın təfəkkürü ilə xalq arasında böyük nüfuz qazanan Həsən Əliyevin vaxtilə ekoloji tarazlığın pozulmasına qarşı yenilməz sipərə çevrildiyini yada salmışlar.
Təbiətin böyük dostu, yüzlərlə elmi əsərin və 1976-cı ildə çap olunmuş “Həyəcan təbili” kimi məşhur kitabın müəllifi, akademik Həsən Əliyevin ideya və çağırışlarının təbiəti sevməyin həmişəyaşar leytmotivinə çevriləcəyinə inam ifadə olunmuşdur.
Ədəbi-bədii gecə tanınmış sənətçilərin maraqlı konsert proqramı ilə başa çatmışdır.