GÖYÇAY “KƏRPİC-SAN LTD”NİN MƏHSULLARINA BÖYÜK TƏLƏBAT VARDIR
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 7-də “Kərpic-San LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin Göyçay rayonunun Cəyirli kəndinin ərazisində yerləşən və müasir standartlara cavab verən istehsal sahəsində olmuşdur.
Müəssisənin kollektivi tərəfindən hərarətlə qarşılanan respublikamızın rəhbərinə məlumat verildi ki, 13 il əvvəl işə salınmış, o vaxt illik istehsal gücü 6-8 milyon ədəd kərpic olan bu müəssisənin bütün səhmlərini 1998-ci ildə Türkiyənin iş adamları almışdır və onun bazasında “Kərpic-San LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. 2004-cü ildə müəssisədə yenidənqurma işləri aparılmış, yeni kürələr və talvar istifadəyə verilmiş, əraziyə asfalt-beton döşənmişdir. Zavodda aparılan yenidənqurma işlərinə keçən il 800 min dollardan artıq vəsait xərclənmiş, istehsal gücü təxminən 50 faiz artırılmışdır. Hazırda zavodun illik istehsal gücü 8-12 milyon ədəddir.
Burada divar və arakəsmələr üçün müxtəlif ölçülü kərpic istehsal olunur və onlardan əsasən Bakı şəhərində hündür mərtəbəli binaların tikintisində istifadə edilir. Eləcə də Gəncə, Sumqayıt və Mingəçevir inşaatçılarının da tələbatı ödənilir. Hazırda zavodda 200 nəfər fəhlə və qulluqçu çalışır. Orta aylıq əmək haqqı 400-600 min manatdan 700-800 min manata çatdırılmışdır. Bundan əlavə, 70 ədəd texnika və nəqliyyat vasitələri cəlb olunmuşdur.
Dövlətimizin başçısı müəssisədə görülən işlərdən, istehsal sahələrinin genişləndirilməsindən razılığını bildirdi, fəhlələrlə görüşüb hal-əhval tutdu, iş şəraiti ilə maraqlandı. Fəhlələr qəbul olunmuş dövlət proqramlarının icrası sayəsində yeni müəssisələrin, iş yerlərinin yaradılmasından razılıqlarını söylədilər, görülən bütün işlərə görə Prezidentə minnətdarlıqlarını bildirdilər.
Müəssisənin rəhbəri Nuri Alım yeni yaradılacaq istehsal sahələri barədə danışdı, yeni obyektlərin, iş yerlərinin açılması üçün bundan sonra da çalışacaqlarını bildirdi.
Prezident İlham Əliyevə “Kərpic-San LTD” MMC adından xatirə hədiyyələri təqdim edildi.