İQTİSADİYYAT
Göyçayda Maliyyə Nazirliyinin yerli qurumları üçün tikilən yeni bina istifadəyə verilmişdir
Göyçay, 24 dekabr (AZƏRTAC). Maliyyə Nazirliyinin Göyçay rayon maliyyə idarəsi və 9 saylı regional maliyyə müfəttişliyi üçün inşa olunmuş iki mərtəbəli müasir inzibati bina istifadəyə verilmişdir.
AZƏRTAC xəbər verir ki, binanın açılışı münasibətilə dekabrın 24-də təşkil olunan mərasimdə çıxış edən Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Ədalət Dövlətov regionlarda həyata keçirilən sosial layihələrdən, quruculuq-abadlıq işlərindən söz açmışdır. Qeyd edilmişdir ki, mərkəzi icra hakimiyyəti orqanlarının yerli strukturları üçün hər cür şəraiti olan müasir inzibati binaların tikilməsi sosial-iqtisadi inkişafın daha bir bariz nümunəsidir. Maliyyə Nazirliyinin aparat rəhbəri Namiq Süleymanov ümidvar olduğunu bildirmişdir ki, maliyyə işçiləri yeni iş şəraitində daha səmərəli fəaliyyət göstərəcəklər.
Sonra mərasim iştirakçıları binada yaradılan şəraitlə tanış olmuşlar. Məlumat verilmişdir ki, ümumi sahəsi 934 kvadratmetr olan binanın birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətindən bəhs edən güşə yaradılmışdır. Yerli maliyyə idarəsi 55 büdcə təşkilatına xidmət göstərir. Dövlət gəlirlərinin və vergilərin proqnozlaşdırılması, xəzinə əməliyyatlarının uçotu və hesabatı, büdcənin proqnozlaşdırılması və digər sektorların normal fəaliyyət üçün yeni binada hər cür şərait yaradılmışdır. Hər bir iş otağı internetə çıxışı olan kompyuterlə təmin edilmiş və nazirliyinin mərkəzi məlumat bazasına qoşulmuşdur.
İnzibati bina isitmə və havalandırma sistemi, transformator və ehtiyat generatorla təmin olunmuşdur. Yeməkxanada və iclas zalında da nümunəvi şərait yaradılmışdır.