GÖYÇAYDA TƏHSİL İŞÇİLƏRİNİN KONFRANSI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Göyçay şəhərində təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir.
Bilik günü ərəfəsində keçirilən tədbirdə rayon təhsil şöbəsinin müdiri Asif Nəbiyevin məruzəsində 2007-2008-ci tədris ilinin yekunlarından, qarşıda duran vəzifələrdən bəhs edilmişdir.
Hesabat məruzəsində qeyd olunmuşdur ki, ötən tədris ilində məktəblərin maddi-texniki bazası xeyli gücləndirilmiş, şagirdlərin dərsə davamiyyəti yaxşılaşmış, biliyin səviyyəsi yüksəlmişdir. Ölkəmizin bütün bölgələrində olduğu kimi, Göyçay rayonunda da yeni məktəb binalarının tikinitisi və təmiri geniş vüsət almışdır. Hazırda Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Mirzəhüseynli kəndində 200 şagird yerlik, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Yekəxana kəndində 360 yerlik yeni məktəb binaları və rayon təhsil şöbəsi üçün inzibati bina tikilir. Təhsil ocaqlarının yeni dərs ilində istifadəyə verilməsi nəzərdə tutulur. Bundan əlavə, hazırda Göyçay şəhər 1 və 4 nömrəli, Qarabağlar kənd orta məktəbləri əsaslı təmir edilir.
A.Nəbiyev builki qəbul imtahanlarında Göyçaydan 715 abituriyentin iştirak etdiyini və onlardan 281-nin uğurlu nəticə göstərərək tələbə adını qazandığını bildirmişdir. Tələbələrdən 21 nəfəri 600-dən yuxarı bal toplamışdır.
Rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov, Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Şəmsəddin Hacıyev bir qrup qabaqcıl müəllimə fəxri fərman və qiymətli hədiyyələr təqdim etmişlər.
Tədbirdə Azərbaycan müəllimlərinin XIII qurultayına nümayəndələr seçilmişdir.