GÖYÇAYLI FERMERLƏR TAXIL BİÇİNİNƏ HAZIRLAŞIRLAR
Göyçay, 10 iyun (AZƏRTAC). Göyçay Rayon İcra Hakimiyyətinin aqrar şöbəsindən bildirmişlər ki, Nazirlər Kabinetinin “Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” qərarı taxılçıları işə daha həvəslə yanaşmağa sövq etmişdir.
Rayon fermerləri bu ilin məhsulu üçün 16 min 823 hektar sahədə taxıl yetişdirmişlər. Bunun 10 min 915 hektarını buğda, 5 min 908 hektarını arpa təşkil edir. Cari ildə taxıl əkinlərinin sahəsi 2008-ci illə müqayisədə 599 hektar artmışdır.
Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi, ziyanvericilərə qarşı mübarizənin tələblərə uyğun aparılması və hava şəraitinin əlverişli olması nəticəsində zəmilərdə bol məhsul yetişmişdir. Mütəxəssislərin qənaətinə görə, cari ildə məhsuldarlıq ötən ildəkindən xeyli çox olacaqdır.
Hazırda fermerlər taxıl biçininə son hazırlıq işləri görürlər. Rayon texniki-nəzarət müfəttişliyindən bildirmişlər ki, “Aqrolizinq” ASC Göyçay rayon filialının dəstəyi ilə bu il taxıl biçininə 55 ədəd müxtəlif markalı maşın və mexanizm cəlb olunacaqdır. Artıq 45 ədəd taxılbiçən kombayn təmir edilərək texniki baxışdan keçirilmişdir. Mövcud texnika taxıl yığımını sürətlə və itkisiz başa çatdırmağa imkan verəcəkdir. Mexanizator və kombaynçılar taxılın yanğından qorunması və digər təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı təlimatlandırılmışlar.
Xatırladaq ki, ötən il rayonda 16 min 224 hektar sahədən 42 min 423 ton taxıl yığılmışdır.