Göygöldə peyvənddən kənarda qalan uşaqların valideynləri üçün maarifləndirmə kampaniyası keçirilib
Gəncə, 28 aprel, Elcan Məmmədov, AZƏRTAC
Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu (UNICEF) 24-29 aprel - Avropa İmmunlaşdırma Həftəsində peyvəndlərlə əhatə dairəsi aşağı olan Yevlax, Mingəçevir və Göygöl rayonlarında maarifləndirmə xarakterli silsilə tədbirlər təşkil edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmmunlaşdırma Həftəsi ərzində Göygöl rayonunda təşkil edilmiş sonuncu tədbirdə ÜST-nin Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancı və rayon mərkəzi xəstəxanasının direktoru iştirak ediblər.
Göygöl Rayon Mərkəzi Xəstəxanasının direktoru Vasif Əliyev immunlaşdırma kampaniyasından danışarkən deyib: “ÜST-nin ən ucqar kəndlərimiz də daxil olmaqla, Göygöl rayonunda olan bütün vaksinasiya məntəqələrində immunlaşdırma kampaniyasının keçirilməsi üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk. Ümidvaram ki, bu kampaniyanın nəticəsi olaraq, bizim regionun peyvəndlərlə əhatə səviyyəsində irəliləyiş əldə edəcəyik. Çünki valideynlərlə keçirilən görüşlər və paylanılan maarifləndirici materiallar çox faydalı oldu. Bilirəm ki, peyvəndlə bağlı bir çox yanlış təsəvvür aradan qalxdı”.
Hande Harmancı isə peyvəndləmənin əhəmiyyətindən danışarkən bildirib ki, hər bir valideyn öz uşağını qorumaq istəyir: “Uşaqlarımıza bütün lazımi peyvəndləri vaxtında vurdurmağımız onları qorumaq üçün edə biləcəyimiz ən yaxşı addımdır. Ümid edirəm ki, immunlaşdırma kampaniyası bu mesajı bütün ailələrə çatdırmağa kömək edir. Biz bütün tərəfdaşlarımızla birlikdə dövrümüzün ən vacib insan həyatını xilas edən vasitə hesab olunan peyvəndləri təbliğ etməyə davam edəcəyik”.
Qeyd edək ki, kampaniya müddəti boyunca əhali arasında maarifləndirməni gücləndirmək məqsədilə sözügedən rayonlarda bütün vaksinasiya məntəqələri uşaq peyvəndləri ilə bağlı çeşidli maarifləndirici materiallar ilə təmin olunub.