Gözdən Əlillər Cəmiyyətinin hesabat yığıncağı olub
Bakı, 24 fevral, AZƏRTAC
Gözdən Əlillər Cəmiyyətinin son bir illik fəaliyyətinə həsr olunan hesabat yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, yığıncaqda cəmiyyətin prezidenti Səmyar Abdullayev təşkilatın görmə məhdudiyyətli şəxslərlə əlaqədar həyata keçirdiyi tədbirlər haqqında hesabat məruzəsi ilə çıxış edib.
Onun verdiyi məlumata görə, hesabat dövründə ADA Universitetində görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş konfrans keçirilib, yerli və əcnəbi tələbələrin müşayiəti ilə görmə üzrə əlilliyi olan şəxslər üçün “Güvənli gəzinti” təşkil edilib. Həmin universitetlə əməkdaşlıq nəticəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli onbirillik internat məktəbdə ingilis dili kursları açılıb. Son iki ildə “Görmə imkanları məhdud şəxslər üçün müyəssər formatlı nəşrlərin hazırlanması” layihəsi çərçivəsində bədii kitablar və dərsliklər Brayl şrifti ilə çap edilib və audio formatları hazırlanıb.
Qeyd edilib ki, ötən il Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dəstək Agentliyinin dəstəyi ilə “Gözümün nuru Vətən” adlı layihə çərçivəsində Vətən müharibəsində hər iki gözünü itirmiş Kamran Baxşızadə və Rəhman Nuriyev haqqında sənədli filmlər çəkilib və həmin ekran əsərinin təqdimat mərasimi olub. Layihə çərçivəsində görmə qabiliyyətini itirmiş qazilər Kamran Baxşızadəyə və Sadiq Məmmədova ikinci ali təhsil almaq üçün təşkilati dəstək göstərilib. Görmə qabiliyyətini itirmiş 5 qazi reabilitasiya mərkəzinə cəlb edilib. Milli İncəsənət Muzeyində “Sərhədsiz incəsənət” layihəsi həyata keçirilib. Muzeyin dəyərli eksponatları olan rəsmlərin Dövlət Rəssamlıq Akademiyası və Gözdən Əlillər Cəmiyyəti tərəfindən daktil rəsmlər hazırlanıb və sərgidə görmə üzrə əlilliyi olan şəxslərin iştirakı təmin olunub. Görmə əlilliyi olan şəxslər üçün Energetika Nazirliyi, “Azərbaycan Dəmir Yolları” və “Bakı Metropoliteni” QSC-ləri ilə energetika sahəsi, metro və dəmir yolunun müyəssərləşdirilməsi sahəsində əməkdaşlığa başlanılıb.
Hesabat yığıncağında məlumat verilib ki, ötən müddətdə görmə əlilliyi olan yaradıcı şəxslərin ictimaiyyətə tanıdılması və Rusiya Gözdən Əlillər Cəmiyyəti ilə əməkdaşlığın genişləndirilməsi məqsədilə həmin ölkənin Azərbaycandakı səfirliyi ilə əməkdaşlığa başlanılıb və “Bakı Rus Evi”ndə keçiriləcək silsilə tədbirlərin proqramları hazırlanıb. Görmə məhdudiyyətli şəxslərin poliqrafiya imkanlarının genişləndirilməsi məqsədilə TİKA, Küveyt və Yaponiya səfirlikləri ilə əməkdaşlıq əlaqələri qurulub. Milli Xalça Muzeyi və Heydər Əliyev Mərkəzi ilə müyəssərliyin təmin edilməsi sahəsində əməkdaşlıq sahəsində ilk addımlar atılıb. Ötən ilin yekununda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə 300 nəfər görmə əlilliyi olan 18 yaşadək uşaq və onları müşayiət edənlər üçün paytaxtda, Quba və Zaqatala rayonlarında Qusar, Xaçmaz, Şabran, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında yaşayan gözdən əlil şəxslər üçün Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə bağlı tədbirlər təşkil edilib.
Hesabat yığıncağında gözdən əlillərin mənzil-məişət, məşğulluq, əlillik təyinatı və digər sosial məsələlərlə əlaqədar qayğıları barədə də söhbət aparılıb.
Cəmiyyətin ayrı-ayrı təşkilatlarının nümayəndələri çıxış edərək bu təbəqədən olan həssas qrupların təklif və rəylərini çatdırıblar.