GUAM ÖLKƏLƏRİ ƏRAZİSİNDƏKİ MÜNAQİŞƏLƏR ÖLKƏLƏRİN ƏRAZİBÜTÖVLÜYÜ ÇƏRÇİVƏSİNDƏ HƏLL EDİLMƏLİDİR
Görüşdən sonra keçirdikləri mətbuat konfransında nazirlər müzakirə etdikləri məsələlər barədə məlumat vermişlər.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirmişdir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin bütün aspektləri müzakirə olunmuşdur. Azərbaycan ilə Gürcüstanın strateji tərəfdaşlıq səviyyəsindəki əməkdaşlığına toxunan E.Məmmədyarov, bu kontekstdə inşası başa çatmış Bakı-Tbilisi-Ceyhan neft, tikintisi davam edən Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərini, habelə Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu layihəsini qeyd etmişdir.
Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli münasibətlərinə toxunan nazirlər, ümumi səylər nəticəsində BMT Baş Məclisinin 61–ci sessiyasının gündəliyinə daxil edilmiş “GUAM ərazisindəki dondurulmuş münaqişələr” məsələsinin müzakirəsinin əhəmiyyətini vurğulamışlar. E.Məmmədyarov demişdir ki, bu məsələdə GUAM ölkələrinin ortaq mövqeyi münaqişlərin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll edilməsindən ibarətdir.
Bildirilmişdir ki, görüşdə humanitar sahədə əlaqələr müzakirə edilmiş, Tbilisidə Nəriman Nərimanovun və Cəlil Məmmədquluzadənin ev-muzeylərinin yaradılmasına, Azərbaycan Dram Teatrının açılmasına və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin qoyulmasına dair fikir mübadiləsi aparılmışdır.
Bundan əlavə, görüşdə Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyəti, habelə Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası məsələləri müzakirə mövzusu olmuşdur. Qərara alınmışdır ki, sərhədlərin delimitasiyasına dair dövlətlərarası müştərək komissiyanın növbəti iclası noyabrda Bakıda keçirilsin.