DÜNYA
Güclü leysan yağışları Gürcüstanın şimalında ciddi fəsadlar törədib
Tbilisi, 15 iyul, AZƏRTAC
İyulun 14-də Gürcüstan ərazisində yağan güclü leysan yağışları ölkənin bölgələrində ciddi problemlər yaradıb. Bəzi kəndlərdə evlərə su dolub, torpaq sürüşməsi baş verib, körpülər dağılıb.
AZƏRTAC xəbər verir ki, ən çox ziyan Gürcüstanın şimalındakı Raca regionuna dəyib. Rioni çayının daşması nəticəsində körpülər dağılıb, yaşayış evlərinə su dolub, kənd təsərrüfatı obyektləri, əkin sahələri su altında qalıb.
Onsk bələdiyyəsinin Qebi kəndində 50 ailə ətraf aləmdən tam təcrid olunub.
Lixeti və Urevi kəndləri də təbii fəlakətin qurbanına çevrilib. Evləri su basıb, yollarda torpaq sürüşməsi baş verib.
Ümumilikdə 10-dan çox kəndə ciddi ziyan dəyib, infrastruktur dağılıb. İnsan tələfatı barədə məlumat verilmir.
Təbii fəlakət bölgəsinə xilasedicilər, ağır texnika cəlb olunub. Lakin hələlik heç bir əməliyyat həyata keçirilmir. Xilasedicilər Rioni çayında suyun səviyyəsinin enməsini gözləyirlər.
Mətbuatın yazdığına görə, hazırki şəraitdə heç bir əməliyyat həyata keçirmək mümkün deyil.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi