Güclü yağışlar Yaponiyanın cənub-qərbində daşqınlar əmələ gətirib
Tokio, 4 iyul, AZƏRTAC
İyulun 4-də güclü yağışlar Yaponiyanın Kumamoto və Kaqoşima prefekturalarında çayların daşmasına səbəb olub.
AZƏRTAC xəbər verir ki, nəticədə yerli hakimiyyət orqanları 200 mindən çox insana təxliyə xəbərdarlığı göndərib.
Kumamoto prefekturasının hakimiyyət orqanlarının bildirdiyinə görə, Tsunaqidə baş verən torpaq sürüşməsindən sonra həyat əlamətlərini itirmiş iki nəfər aşkar edilib. Eyni zamanda, prefektura ərazisindəki şəhərlərdən birində təqribən 10 nəfərin ətraf aləmlə əlaqəsi kəsilib.
Yaponiya Meteorologiya Agentliyi bu iki prefektura ərazisində güclü yağışlar barədə xəbərdarlığı ən yüksək beşinci dərəcəyə qaldırıb. Agentliyin ilk dəfə bu addımı atdığı qeyd edilir.
Bildirilir ki, Kumamoto prefekturasında yerləşən Amakusa rayonunda bir saat ərzində təqribən 100 millimetr yağıntı düşüb. Kuma çayı həddindən artıq dolduğuna görə yerli hakimiyyət orqanları özünümüdafiə qüvvələrinin kömək üçün Kumamoto prefekturasına göndərilməsini xahiş edib.
Əlaqədar nazirlərlə fövqəladə toplantı keçirən baş nazir Şinzo Abe zərərçəkmiş rayonların əhalisinə yardım üçün özünümüdafiə qüvvələrinin 100 mindən çox hərbçisinin səfərbər olunması barədə göstəriş verdiyini deyib.
“Kyushu Railway Co.” şirkətindən bildirildiyinə görə ərazidə sürətli “Şinkansen” qatarlarının hərəkəti dayandırılıb.
Meteorologiya Agentliyi xəbərdarlıq edərək bildirib ki, Kumamoto, Kaqoşima və Miyazaki prefekturalarında yağan güclü yağışlar hərəkət edərək bazar günü Yaponiyanın qərbində də fəsadlar törədəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio