Güngörməz qalasının tədqiq olunmasına və qorunmasına ehtiyac var
Hacıqabul, 27 mart, Mahir Babayev, AZƏRTAC
Hacıqabulda rayon mərkəzindən 45 kilometr aralıda unikallığı ilə seçilən bir qala var. Tarixi mənbələrə görə, qala düşmən hücumlarından qorunmaq məqsədilə inşa olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Güngörməz adlanan bu qala rayonun Udulu kəndi ərazisində yerləşir.
Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Məhəmməd İsayev bildirib ki, Güngörməz qalası ulu əcdadlarımızın qədim yaşayış məskəni olub. Tədqiqatçıların dediyinə görə, bu yaşayış yeri antik dövrdən XVII əsrə qədər olan dövrü əhatə edib.
Qala dağın ən hündür zirvəsində tikilib və onun qərb tərəfi keçilməz sıldırım qayalıqlarla əhatələnib. Bu əraziyə gün düşmədiyindən qala da Güngörməz adlanıb. Qalanın ətrafı böyük sal daşlarla hörülüb. Onun divarının eni 3 metrdir. Daxildə isə əlavə divarlar da mövcuddur. Bu divarların aşağı hissəsi nəhəng sal daşlardan ibarətdir. Güman edilir ki, siklopik qalaları xatırladan Güngörməzin inşasından əvvəl də bu ərazidə müdafiə qalası mövcud olub. Məhz Güngörməz qalası tikilərkən siklopik qala qalıqlarından da istifadə edilib.
Ərazidə qazıntı işləri aparılarkən buradan küp qəbirlər, zəngin adamlara məxsus məzarlar, saxsı qablar və daş dövrünə aid müxtəlif əşyalar tapılıb. Qəbirlərdə onların işlətdikləri əşyalar, silahlar aşkar edilib. Həmin əşyalar hazırda rayon Tarix-Diyarşünaslıq Muzeyində saxlanılır.
Kənd sakinlərinin sözlərinə görə, zəngin keçmişimizə yenidən işıq salmaq üçün bu qalanın həm tədqiq olunmasına, həm də qorunmasına ehtiyac var.