GÜRCÜSTAN YAZIÇILAR İTTİFAQININ BİNASI ÜÇÜN TENDER ELAN EDİLMİŞDİR
Yazıçılar bununla bağlı məhkəməyə müraciət etmişlər. Məhkəmə məsələyə yenidən gələn il yanvarın 18-də baxmağı planlaşdırmışdır. Mədəniyyət və idman nazirinin növbəti məktubu yazıçılar tərəfindən narazılıqla qarşılanmış və onlar 2006-cı il yanvarın 9-da Gürcüstan Dövlət Dəftərxanası qarşısında geniş etiraz aksiyası keçirməyi qərara almışlar.
Məşhur yazıçı, Gürcüstan parlamentinin sabiq deputatı Revaz Mişveladze demişdir: “Səsimizi eşitməsələr, biz onların yanına gedib, fəaliyyətlərinin sona yetdiyini başa salacağıq. Bu hökumət öz fəaliyyətini çox pis başa çatdıracaqdır”. Yazıçılar ittifaqının sədri Mağvala Qonaşvili demişdir: “Gürcüstanın mədəniyyətsiz mədəniyyət nazirindən daha bir iyrənc məzmunlu məktub almışıq. O yazır ki, guya biz kommunistlərin qalığıyıq və bu binanı tərk etməliyik. İlk məhkəmə prosesi keçiriləndə hətta hakim də utanacaq halda bildirdi ki, çalışın hökumətlə yazıçılar arasında danışıqlar aparılsın və bu biabırçı proses baş tutmasın. Biz danışıqlara dəfələrlə cəhd göstərdik, ancaq onlardan heç bir cavab almadıq. Ötən il ehtiyacı olan yazıçılara yardım üçün 400 min lari (225 min dollar) ayrıldı. Lakin həmin məbləğ şou-xumarlığa xərcləndi. Oradan bizə qəpik də çatmadı. Bu adamlar yazıçı sözündən də iyrənir və bizə yalnız məzar verməkdə əliaçıqlıq edirlər”.