CƏMİYYƏT
Gürcüstanda azərbaycanlılar yaşayan kənddə sərt karantin rejimi tətbiq olunub
Tbilisi, 24 iyul, AZƏRTAC
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunun Qaracalar kəndində sərt karantin rejiminin tətbiqinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, ciddi karantin rejimi kənddə koronavirus epidemiyasının daha geniş yayılmasının qarşısını almaq məqsədilə tətbiq olunur. Artıq gecə saatlarından etibarən kəndə giriş-çıxış məhdudlaşdırılıb.
Bundan başqa, ərazidə polis postları quraşdırılıb.
Qardabani rayonunun meri Ramaz Budaqaşvili deyib ki, son 24 saat ərzində Qaracalar və Birlik kəndlərində koronavirusa 2 yoluxma halı qeydə alınıb.
Əhalinin kütləvi termoskrininq və PSR testindən keçirilməsi prosesi davam edir.
Qeyd edək ki, son 10 gün ərzində Gürcüstanda qeydə alınan koronavirusa yoluxma hallarının əksəriyyəti məhz bu bölgədə olub. Ümumiyyətlə isə Qardabanidə indiyədək koronavirusa 41 yoluxma qeydə alınıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi