Gürcüstanda Respublika Gününə həsr olunmuş dostluq turniri başa çatıb
Tbilisi, 28 may, AZƏRTAC
Marneuli şəhərində kikboksinq üzrə yeniyetmə və gənclər arasında dostluq turniri başa çatıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə təşkil olunan turnir mayın 26-da başlayıb.
Gürcüstanın Müstəqillik Gününə və Azərbaycanın Respublika Gününə həsr olunan turnirdə Gürcüstanın 18 şəhərindən 15 çəki dərəcəsi üzrə 150 idmançı iştirak edib.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bağlanış mərasimində çıxış edərək, Azərbaycan və gürcü xalqlarını müstəqillik, respublikanın yaranması münasibətilə təbrik edib.
Diplomat dostluq turnirinin iki dost və qardaş xalq arasında mədəni əlaqələrin inkişafına və daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirib, idmançılara gələcək yarışlarda uğurlar arzulayıb.
Gürcüstan Kvemo Kartli Borçalı bölgəsinin qubernatoru Şota Rexviaşvili tədbirin təşkilinə görə səfirliyə minnətdarlığını bildirib, bayramlar münasibətilə hər iki xalqı təbrik edib.
Gürcüstan xarici işlər nazirliyinin departament rəhbəri Malxaz Mikeladzə, mədəniyyət və idman nazirliyinin departament rəhbəri İrakli Dolaberidze, Gürcüstan parlamentinin deputatları Savalan Mirzəyev, Zaur Dargalli və başqaları çıxış edərək turnirin təşkilini yüksək qiymətləndirib, xoş arzularını çatdırıblar.
Tədbirdə Gürcüstan parlamentinin deputatları Savalan Mirzəyev, Zaur Dargalli, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.
Sonda turnirin final qarşılaşmaları keçirilib və maraqlı konsert proqramı təqdim olub.
Səfir və digər rəsmi şəxslər qaliblərə mükafatlar təqdim ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi