MƏDƏNİYYƏT
Gürcüstanın İctimai Televiziyası Azərbaycan dilində birbaşa informasiya proqramı yayımlayır
Tbilisi, 13 iyun (AZƏRTAC). Gürcüstanın İctimai Televiziyasının 2-ci kanalında Azərbaycan dilində birbaşa 10 dəqiqəlik informasiya proqramı yayımlanmağa başlamışdır.
Televiziyanın redaktoru Mirzə Məmmədoğlu AZƏRTAC-ın xüsusi müxbirinə demişdir ki, bu proqram ölkədə 2012-ci ilin oktyabrında hakimiyyətə gəlmiş yeni hökumətin həyata keçirdiyi layihələrdəndir. Əvvəllər milli azlıqların dillərində informasiya proqramları qeyri-münasib vaxtda yayımlanırdı. Nəticədə soydaşlarımız yaşayan bölgələrdə bir növ informasiya qıtlığı yaranırdı.
Mirzə Məmmədoğlunun sözlərinə görə, artıq həmin problemlər yoluna qoyulmuşdur. Redaksiyaya əlavə olaraq bir müxbir ştatı da ayrılmışdır. Azərbaycan dilində birbaşa yayımlanan informasiya proqramları Gürcüstanın ictimai-siyasi həyatında baş verən əsas hadisələrlə yanaşı, soydaşlarımızın yaşadıqları bütün bölgələrdə mövcud vəziyyəti də işıqlandıracaqdır.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi