CƏMİYYƏT
GÜRCÜSTANIN KVEMO KARTLİ-BORÇALI BÖLGƏSİNİN QUBERNATORU RAMAZAN AYININ BAŞLANMASI MÜNASİBƏTİLƏ AZƏRBAYCANLILARI TƏBRİK ETMİŞDİR
Tbilisi, 13 avqust (AZƏRTAC). Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru David Kirkitadze Ramazan ayının başlanması münasibətilə azərbaycanlıları təbrik etmiş, onlara sülh, əmin-amanlıq, xoş gələcək arzulamışdır.
Qubernator vurğulamışdır ki, bölgənin hər bir uğurunda azərbaycanlı qardaş-bacıların böyük xidmətləri vardır və Gürcüstan qanunun aliliyini daim uca tutan, zəhmətsevər azərbaycanlı vətəndaşları ilə fəxr edir. D.Kirkitadze çoxlarının həsəd apardığı Gürcüstan-Azərbaycan dostluğunun hər iki ölkə prezidentlərinin qardaşlıq münasibətləri sayəsində daha da inkişaf etdiyini bildirmişdir. Qubernator ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti və şəxsi cəsarəti nəticəsində əsrin qlobal layihələrinin Gürcüstan ərazisindən keçməklə reallaşmasının ölkə üçün istər iqtisadi, istərsə də siyasi baxımdan böyük əhəmiyyət daşıdığını söyləmiş, gürcü xalqının bu xeyirxahlığı heç vaxt unutmayacağını vurğulamışdır.
David Kirkitadze müavini Hüseyn Yusifova Ramazan ayı ərzində bölgənin rayonlarındakı məscidlərdə quberniyanın hesabına iftar süfrələrinin təşkili cədvəlini tərtib etməyi və onun reallaşdırılmasına lazımi şərait yaratmağı həvalə etmişdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi