Gürcüstanın qarşısındakı əsas çağırış münasib siyasi mühiti formalaşdırmaqdır RƏY
Bakı, 25 oktyabr, AZƏRTAC
Geosiyasi cəhətdən mürəkkəb bir dövrdə regionda baş verən hadisələr, o cümlədən Gürcüstandakı proseslər, Qərbin reaksiyaları ilə daha da gərgin bir şəkil alır. Son dövrlərdə Gürcüstan Parlamenti tərəfindən qəbul edilən qanunlar Qərb siyasi dairələrində müzakirə mövzusuna çevrilib. Bu il üçün parlamentin payız sessiyası sentyabrın 3-də açılıb. Onuncu çağırış parlament sessiya həftəsi çərçivəsində “Amnistiya layihəsi”ni və “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunu üzərində müzakirələr apararaq müvafiq dəyişikliklərdən sonra qəbul edib. Parlament hər iki qanunun oxunuşunu təsdiqləmək üçün sonuncu plenar iclasını sentyabrın 17-də yekunlaşdırıb. Bundan sonra Qərb siyasi dairələri Gürcüstan parlamentini “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi” haqqında qanunu nəzərdən keçirməyə dəvət edib.
Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Nəsibə Mirzəyeva söyləyib.
O bildirib ki, bu müzakirələr ölkə daxilində iqtidar və müxalifət arasında münasibət dinamikasına təsir edən amillərdəndir. Gürcü siyasi dairələrində Qərbin ölkənin daxili siyasətinə təsir göstərə biləcəyi ilə bağlı fikirlər də irəli sürülür. Bu cür yanaşmalar, Gürcüstanın Qərb və Rusiya arasında balans yaratma səylərinə, ölkənin suverenliyinə və milli maraqlarına təsir edə biləcəyinə dair narahatlıqlara səbəb olur. Həmçinin bu vəziyyətin müstəqil qərarvermə imkanlarını da məhdudlaşdıra biləcəyi düşünülür.
Nəsibə Mirzəyeva qeyd edib ki, avqust müharibəsi kimi ağır bir hadisədən sonra Ukraynada baş verən hadisələr gürcü ictimaiyyətində ciddi narahatlıqların qalmasına səbəb olub. Belə bir ssenari, ölkənin təhlükəsizliyi və regiondakı stabillik baxımından müzakirə mövzusu olaraq gündəmdədir.
Ekspert diqqətə çatdırıb ki, Gürcüstanda hazırda keçirilən seçki kampaniyaları, ölkənin siyasi dinamikasını əks etdirən vacib proseslərdəndir. Qəbul olunan qərarların həm müxalifət, həm də Qərb tərəfindən müzakirə edilməsinin siyasi mühiti daha da mürəkkəbləşdirdiyi görünür. Ölkənin maraqlarının qorunması və inteqrasiya planları uzunmüddətli inkişaf strategiyası üçün əhəmiyyətli bir müzakirədir. Bütün bunlar, Gürcüstanın bu cür qarşıdurmada, müstəqil bir oyunçu olaraq necə davranacağı sualını ortaya atır. Gürcüstanın müstəqil bir dövlət olaraq, öz milli maraqlarını qoruması və qərarlarını öz xalqının iradəsinə uyğun şəkildə verməsi vacibdir. Bu səbəbdən, Gürcüstanın daxili siyasi dinamikasını qoruyub saxlaması və xarici təzyiqlərə qarşı müstəqil bir siyasət yürütməsi əhəmiyyətlidir.
“Nəticə etibarilə, hazırda Gürcüstandakı siyasi mühit, bir dövlət olaraq müstəqilliyi və milli maraqları qorumaq istiqamətində xarici təsirlərə qarşı necə bir yanaşma sərgiləyəcəyini müəyyənləşdirir. Hazırkı siyasi mühit ölkənin gələcək siyasi kursunu formalaşdıracaq. Beləliklə, Gürcüstanın qarşısında duran əsas çağırış suverenliyi qorumaq və demokratik prinsiplər çərçivəsində münasib siyasi mühiti formalaşdırmaqdır”, - deyə Nəsibə Mirzəyeva əlavə edib.