CƏMİYYƏT
Gürcüstanın “Sakartvelos Respublika” qəzetində Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş məqalə dərc olunub
Tbilisi, 27 aprel, AZƏRTAC
Gürcüstanın nüfuzlu “Sakartvelos Respublika” qəzetində Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Alyans” Gənclər Birliyinin layihəsi çərçivəsində işıq üzü görüb.
Məqalədə akademik Zərifə xanım Əliyevanın zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçdiyi, onun əhatəli elmi fəaliyyətinin dünya oftalmologiya elminin inkişafına əhəmiyyətli töhfələr verdiyi qeyd edilir.
Bildirilir ki, alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri hər zaman yüksək qiymətləndirilib, bu gün də aktuallığını itirməyib.
Onun tədqiqatlarında irəli sürülən yeni effektiv müalicə metodları, kompleks profilaktik tədbirləri qısa müddətdə müvəffəqiyyətlə tətbiq olunmuşdur. Azərbaycan oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası da məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılıb.
Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu davam etdirən Zərifə Əliyeva respublikamızda yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmışdır.
Məqalədə qeyd edilir ki, elmi fəaliyyəti ilə yanaşı, Zərifə xanım eyni zamanda, qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olmuşdur.
Enişli-yoxuşlu ömür yollarında birgə addımladığı həyat yoldaşı, Ümummilli Liderimiz, əbədi Prezidentimiz Heydər Əliyev gərgin fəaliyyətlə məşğul olan, həyatını bütövlükdə Azərbaycana həsr edən böyük şəxsiyyət kimi yorulmadan müqəddəs amallar yolunda öz qüvvəsini əsirgəməyib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi