HABSBURQLAR XANƏDANININ BAŞÇISI İSLAM HAQQINDA TƏRİFLİ FİKİRLƏR SÖYLƏMİŞDİR
AZƏRTAC xəbər verir ki, 94 yaşlı Habsburq Bosniyaya səfəri zamanı Küveyt İnformasiya Agentliyinə məxsusi müsahibəsində demişdir: “Bosniyada və digər Balkan ölkələrində tanıdığı müsəlmanlar bütün həyatları ilə sübuta yetirirlər ki, İslam Avropa qitəsinə yad olan ideologiya deyildir”. O, İslamı istər Avropada, istərsə də bəzi müsəlman ölkələrində “qapalı təriqət”ə çevirməyə çalışanları, eləcə də o kəsləri tənqid atəşinə tutmuşdur ki, onların əməllərinə görə müsəlman dini zorakılıqda təqsirləndirilir, İslam isə Qərbin “təbii düşməni” kimi qəbul olunur.
Habsburq vurğulamışdır ki, bu gün müxtəlif dinlərin adamları arasında mehriban münasibətlər yaradılması dəbdəbə deyil, zərurətdir, çünki Yer üzündə sülh və təhlükəsizlik bunsuz mümkün deyildir. Onun fikrincə, istər Balkan ölkələrində, istərsə də ümumən Avropada yaşayan müsəlmanlar İslam ilə Avropa arasında münasibətlərin yeni səviyyəyə çıxmasında ümdə rol oynamağa qadirdirlər.
Avstriya kral ailəsinin başçısı demişdir: “Bununla əlaqədar Sarayevo müxtəlif dinlərin və sivilizasiyaların nümayəndələri arasında əməkdaşlıq mərkəzi olmalıdır”. O, Türkiyə və Bosniyanın Avropa İttifaqına tezliklə qəbul edilməsinə tərəfdar olduğunu da bildirərək, vurğulamışdır ki, bu addım Avropanı iqtisadi, siyasi və mədəni cəhətdən zənginləşdirəcəkdir.