Hacı İsmayılov: Rasim Ocaqovun filmlərinə çəkilmək böyük bir xoşbəxtlikdir
Şəki, 26 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Rasim Ocaqov Azərbaycan mədəniyyətinin, kino sənətinin ən görkəmli simalarından biri olub. Onun filmlərinə çəkilmək böyük bir xoşbəxtlikdir. Belə bir xoşbəxtlik mənə də nəsib olub. Mən onun 5 filminə - “Ad günü”, “Bağlı qapı”, “Ölsəm bağışla”, “Özgə ömür” və “Həm ziyarət, həm ticarət” filmlərinə çəkilmişəm. Bu, böyük bir aləm, dövr idi. Rasim Ocaqovla yaradıcılığımız 1976-cı ildə başladı və 1990-cı illərin sonarınadək davam etdi.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Xalq artisti Hacı İsmayılov deyib.
Rasim Ocaqovun çox yüksək insani keyfiyyətlərə malik bir şəxsiyyət olduğunu vurğulayan Xalq artisti qeyd edib: “Rasim Ocaqovun filmlərinə çəkildiyim günlər həyatımın ən xoşbəxt anları idi. Mənim Şəkiyə olan məhəbbətimi, sevgimi Rasim Ocaqov daha da artırdı. Mən həmişə Şəkiyə gələndə, “Həm ziyarət, həm ticarət” filminin çəkildiyi o yerləri görəndə Rasim Ocaqov yadıma düşür. Məni bir aktyor kimi tanıdan, tamaşaçıların rəğbətini qazandıran, doğma yurdunu - Şəkini mənə sevdirən o olub. Onun kinoya olan məhəbbəti də elə Şəkidən başlayıb. İlk vaxtlar foto ilə məşğul olub, Şəkinin görkəmli yerlərini, gözəl təbiətini, məzəli, duzlu insanlarını fotoya alıb. Sonradan bu sevgi-məhəbbət onu kinorejissor kimi fəaliyyət göstərməyə sövq edib”.
Şəkililərin Rasim Ocaqovun sənətinə böyük qiymət verdiklərini vurğulayan Hacı İsmayılov qeyd edib ki, kinorejissor həmişə sənətkarlarla, peşəkar insanlarla çalışırdı. Onun çəkildiyi 5 filmin hamısının musiqisi Emin Sabitoğluna məxsusdur. Rasim Ocaqov həmişə arzu edirdi ki, filmlərində Emin Sabitoğlunun musiqisi səslənsin. Onlar həm də dost idilər.
Xalq artisti, həmçinin bildirib: “Rasim Ocaqovun insani keyfiyyətlərindən biri də o idi ki, bir dəfə çəkdiyi aktyoru sonra yaddan çıxarmır, digər filmlərə də dəvət edir, sənətinə qiymət verirdi. Mənim də həyatımı, yaradıcılığımı müəyyənləşdirən, bir aktyor kimi kəşf edən məhz Rasim Ocaqov olub. Ona görə də Rasim Ocaqov həmişə mənim qəlbimdədir. Onun filmlərinə dünən də baxılırdı, bu gün də baxılır, sabah da baxılacaq. Ad günün mübarək olsun, Rasim müəllim!”.