Hacıqabul gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlər görülür
Bakı, 16 may (AZƏRTAC). Son illər Hacıqabul gölünün Kür çayı ilə təbii qidalanmasının dayandırılması və gölün akvatoriyasına antropogen təsirlərin artması onun ekoloji vəziyyətinin pisləşməsinə səbəb olmuşdur.
Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Kompleks Tədbirlər Planının hazırlanması üçün işçi qrup yaratmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, işçi qrup tərəfindən göl və gölətrafı ərazilərdə kompleks tədqiqat işləri aparılmış, o cümlədən gölün qurumasını və çirklənməsini törədən səbəblər və yaranmış problemin həlli üçün mövcud imkanlar bir daha qiymətləndirilmişdir.
Araşdırmaların nəticəsi olaraq “Hacıqabul gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması və ərazidə ekosistemin bərpası üzrə Kompleks Tədbirlər Planı”nın layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilmişdir.
Kompleks Tədbirlər Planında “Hacıqabul Balıq” ASC tərəfindən özəlləşdirilmiş Hacıqabul gölü və onun ətraf ərazisinin gələcək təyinatı, eləcə də gölün istifadə məqsədləri və statusunun müəyyən edilmişdir. Tədbirlər planında Hacıqabul gölünün ətrafında yerləşən torpaqların inventarlaşdırılması, gölün ətrafında tikilmiş yaşayış evlərinin sudan mühafizəsi məqsədi ilə bəndin tikilməsi və ya əslində qanunsuz olan tikililərin köçürülməsi, Şirvan və Hacıqabul şəhərlərində formalaşan tullantı sularının idarə olunması və Şirvan tullantı sutəmizləyici qurğuları kompleksinin tikintisi, habelə ARDNŞ-in balansında olan ləğv olunmuş quyular üzrə müvafiq tədbirlərin görülməsi və quyuların ekoloji cəhətdən təhlükəsiz vəziyyətə gətirilməsi kimi məsələlər öz əksini tapmışdır.
Bundan əlavə, layihədə avtomobil yollarının həmin ərazidən keçən hissəsində dambanın möhkəmləndirilməsi və şlyuzların bərpası, qrunt sularının yer səthinə yaxın olan sahələrində drenaj sisteminin yaradılması, Kür çayından gölə su vurulması üçün nasos stansiyasının quraşdırılması və Hacıqabul gölünü Kür çayının suyu ilə təmin edən beton kanalın çəkilməsi də əks olunmuşdur.
Hacıqabul gölünün suyunun tənzimlənməsini təmin etmək üçün göldən Baş Şirvan kanalına boru kəmərinin çəkilməsi və nasos stansiyasının qurulması, yağıntılar zamanı ətraf dağ yamaclarında formalaşan səth sularının gölə axıdılması üçün kanalın tikilməsi, Hacıqabul gölünün və gölətrafı ərazilərin məişət tullantıları ilə çirklənməsinin qarşısının alınması da sənəddə yer almışdır.
Kompleks Tədbirlər Planı Nazirlər Kabineti tərəfindən rəy və təkliflərin bildirilməsi üçün aidiyyəti dövlət qurumlarına göndərilmişdir.