HAMBURQDA AZƏRBAYCAN GECƏSİ KEÇİRİLMİŞDİR
Hamburq Universitetində keçirilən gecəyə universitet rəhbərliyi, tələbələr, əyalət parlamentinin üzvləri, ictimaiyyətin və işgüzar dairələrin nümayəndələri, Hamburqda yaşayan, işləyən, təhsil alan soydaşlarımız dəvət olunmuşdular.
Gecədə “Azərbaycan Cənubi Qafqazın qabaqcıl ölkəsidir” mövzusunda məruzə edilmiş, müstəqil Azərbaycan dövlətinin tarixi, coğrafiyası, ərazisi, əhalisi, sərhədləri, dövlət quruluşu, dövlətçiliyinin inkişaf mərhələləri, ölkəmizin füsünkar təbiəti, zəngin yeraltı və yerüstü sərvətləri haqqında ətraflı məlumat verilmiş, xalqımızın milli dəyərlərə söykənən mədəni irsindən söhbət açılmışdır. Azərbaycanın Avropa İttifaqının aparıcı dövlətlərindən biri olan Almaniya və digər dünya dövlətləri ilə siyasi, iqtisadi, mədəni əlaqələrindən, neft strategiyasının reallaşdırılmasından, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti və nəticələrindən ətraflı danışılmış, xəritələr və digər sənədlər nümayiş etdirilmişdir.
Soydaşlarımız gecə iştirakçılarının diqqətini Azərbaycan xalqının tarix boyu qarşılaşdığı fəlakətlərə bir daha cəlb etmək məqsədi ilə 20 Yanvar faciəsi, Xocalı soyqırımı, qaçqın və məcburi köçkünlərimizin problemləri barədə audio-vizual materiallar nümayiş etdirmişlər.
Tədbir iştirakçıları Azərbaycan haqqında həqiqətlərə böyük maraq göstərmişlər. Onların çoxsaylı suallarına ətraflı cavablar verilmişdir.
Tamaşaçılar tələbələrdən ibarət özfəaliyyət mahnı və rəqs ansamblının çıxışını alqışlarla qarşılamış, Azərbaycan mətbəxinin qonağı olmuşlar.