Hayreddin İvgin: Naxçıvan Muxtar Respublikası heyrətamiz dərəcədə gözəlləşmişdir
Naxçıvan, 8 iyul (AZƏRTAC, Rauf Əliyev). Naxçıvan Muxtar Respublikası başdan-başa heyrətamiz dərəcədə gözəlləşmişdir. Muxtar respublikanın bütün şəhərləri, hətta ən ucqar kəndləri də müasir şəkildə yenidən qurulmuşdur. Şəhər mərkəzlərindən tutmuş, ucqar dağ kəndlərinədək hər tərəfə şose yolu çəkilmiş, yol boyu çoxsaylı ağaclar əkilmiş, yaşıllıqlar salınmışdır. Bu mənzərə insanı valeh edir.
Bu sözləri “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda Beynəlxalq elmi konfransın iştirakçısı, Şimali Kiprdəki Lefke Avropa Universitetinin müəllimi Hayreddin İvgin AZƏRTAC-a müsahibəsində demişdir.
H.İvgin Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi ilk illərdə də Naxçıvana gəldiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, həmin dövrdə muxtar respublikada vəziyyət gərgin idi, erməni təcavüzkarları qədim diyarı ələ keçirmək üçün həyasızcasına hücuma keçir, lakin naxçıvanlıların rəşadəti, qəhrəmanlığı sayəsində zərbə alaraq geri çəkilirdilər. Qaz, işıq yox idi. Buna görə də əhali məcburiyyət qarşısında qalaraq ağacları kəsir, ondan yanacaq kimi istifadə edirdi. Zəruri ərzaq məhsullarından bəzilərini, ümumiyyətlə, heç tapmaq mümkün deyildi. Muxtar respublikanın un ehtiyatları tükənmək üzrə idi.
Bu gün isə tamam başqa bir mənzərənin şahidi olduğunu deyən Hayreddin İvgin əlavə etmişdir ki, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində burada bir çox sahələrin inkişafına şərait yaradılmışdır. Ən əsası Naxçıvan özünü ərzaqla tam təmin edəcək səviyyəyə çatmışdır. O demişdir: “Müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, Naxçıvan Muxtar Respublikasının enerji təminatı da yüksək səviyyəyə çatmışdır. Qaz, elektrik enerjisi problemi tamamilə aradan qaldırılmışdır. Hətta bizə məlumdur ki, muxtar respublika enerji ixracatçısına çevrilmişdir. Sənaye, kənd təsərrüfatı sahələri inanılmaz dərəcədə inkişaf etmişdir. Mədəniyyətin, təhsilin inkişafına xüsusi diqqət yetirilməsi təqdirəlayiq haldır”.
Hayreddin İvgin qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikasında strateji dövlət proqramlarının həyata keçirilməsi, muxtar respublikanın gələcək yüksəlişini təmin edəcəkdir.