HƏMKARLAR İTTİFAQINDA GƏNCLƏRLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, fevralın 1-də Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsində Azərbaycan gəncləri ilə görüş keçirilmişdir.
“Azərbaycan Gəncləri Günü” ilə əlaqədar keçirilən tədbiri Komitənin sədri Cəmilə Səttarova açaraq, görüş iştirakçılarını əlamətdar gün münasibətilə təbrik etmiş, böyüməkdə olan gənc nəslin sosial-iqtisadi mənafelərinin və hüquqlarının müdafiəsi, mənəvi tələbatlarının ödənilməsi, hərtərəfli inkişaf etmiş insanlar kimi ölkəmizin siyasi-ictimai və iqtisadi həyatında fəal iştirakına şərait yaradılması istiqamətində ayrı-ayrı dövlət orqanları ilə yanaşı, komitədə həyata keçirilən tədbirlərdən danışmış və bildirmişdir ki, ulu öndərimiz Prezident Heydər Əliyevin “Dövlət gənclər siyasəti haqqında” 1999-cu il 29 iyul tarixli Fərmanı və təsdiq edilmiş geniş Tədbirlər Planı bu gün dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla yerinə yetirilir.
Görüş iştirakçılarına Komitənin Fəxri fərmanları və pul mükafatları təqdim olunmuşdur.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva, Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzinin direktoru Gövhər Həsənzadə respublikamızda gənclərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Axırda Beynəlxalq festivallarda dəfələrlə diplom və mükafatlara layiq görülmüş “Bəri bax” vokal qrupunun və Fidan Hacıyevanın ifasında mahnılar səslənmişdir.