İDMAN
Həndbolçularımız Ulu Öndərin 95 illiyinə həsr olunmuş turnirə qələbə ilə başlayıb
Bakı, 10 may, AZƏRTAC
Bakıda ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş həndbol üzrə beynəlxalq turnirə start verilib.
Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışda Azərbaycan və Gürcüstanın kişi həndbol komandaları mübarizə aparırlar. Ölkəmizi turnirdə “Bakı” və “Məhsul” kollektivləri təmsil edir. Həndbolçularımızın rəqibləri isə Gürcüstanın U-20 və “Batumi” komandalarıdır.
Turnirin açılış mərasimində iştirak edən federasiyanın vitse-prezidenti Orxan Abbasov öz nitqinə Ümummilli Liderin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” kəlamı ilə başlayıb. O, dahi şəxsiyyətin idmana göstərdiyi diqqət, qayğıdan danışıb, Prezident İlham Əliyevin bu siyasəti davam etdirməsi nəticəsində Azərbaycanın artıq dünyada idman ölkəsi kimi tanındığını vurğulayıb.
Vitse-prezident təmsilçilərimizin idmanın hər bir sahəsində əldə etdiyi nailiyyətlərin uğurlu siyasətin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
O.Abbasov qonaqları gürcü dilində salamlayıb və komandalara uğurlar arzulayıb.
Daha sonra turnirin ilk gününün qarşılaşmaları keçirilib.
"Bakı" komandası Gürcüstanın U-20 kollektivini 36:34, "Məhsul" isə "Batumi"ni 37:28 hesabı ilə məğlub edib.
Bu gün "Batumi" həndbolçuları nominal ev sahibi kimi "Bakı"nı, Gürcüstanın U-20 komandası isə "Məhsul"u qəbul edəcək.
Turnirə mayın 11-də yekun vurulacaq.