HENRİX BÖLL FONDUNUNBERLİNDƏKİ MƏRKƏZİNDƏ “QARABAĞ-DALANINSONUNDA?” ADLI TƏDBİR KEÇİRİLMİŞDİR
Filmin nümayişindən sonra onun müəllifi Mixail Mirziaşvili (Tbilisi), politoloq Leyla Əliyeva (Bakı) və Bi-Bi-Si-nin müxbiri Mark Qriqoryan (London) filmin aktual mövzusu ətrafında fikir mübadiləsi aparmışlar. Diskussiyanı Henrix Böll Fondunun Tbilisidə yerləşən Cənubi Qafqaz regional bürosunun rəhbəri Valter Kaufman aparmışdır.
Xatırladaq ki, filmin süjetini Ermənistanda, Azərbaycanda, o cümlədən Dağlıq Qarabağda aparılan çəkilişlər zamanı yerli əhalinin münaqişəyə, onun nəticələrinə və qarşı tərəfə münasibəti təşkil edir.
Diskussiya müəlliflərinin fikrincə,”qarşı tərəfə nifrətin və münaqişənin tezliklə nizamlanmasına o qədər də nikbin olmayan baxışlar”ın kökündə münaqişənin dağıdıcı nəticələri və milyondan artıq qaçqın ordusunun yaranması dayanır. Ermənistanda hökm sürən əhval-ruhiyyə - “münaqişədən qalib kimi çıxmaları”, “Rusiyanın ermənilərin havadarı kimi onların arxasında dayanması” və s. stereotiplər cəmiyyətin demək olar bütün təbəqələrinə sirayət etmişdir. Azərbaycanda isə “neftin gətirəcəyi gəlir əsasında ordunun güclənəcəyi və işğal edilmiş əraziləri geri qaytaracağı” daha çox səsləndirilir.
Film müəlliflərinin təhlilindən sonra verilən suallarda Ermənistan və Azərbaycanda ölkədaxili siyasi vəziyyət və münaqişənin nizamlanması, münaqişədə vasitəçilik və sair mövzulara toxunulmuşdur.
Tədbirdə iştirak edən Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov filmə və diskussiyaya şərhlər vermiş, tədbir iştirakçılarını danışıqlar prosesinin son mərhələsi, o cümlədən Azərbaycan Respublikası rəhbərliyinin davamlı sülhün əldə edilməsi üçün göstərdiyi səylər barədə məlumatlandırmışdır. Azərbaycan diplomatı regionda tam sabitliyin bərqərar edilməsi üçün Ermənistan tərəfinin, nəhayət, konstruktiv mövqedən çıxış etməsi zərurətinin vacibliyini bir daha vurğulamışdır.
Tədbirdə Almaniya Xarici İşlər Nazirliyinin və Berlin Azad Universitetinin nümayəndələri də iştirak etmişlər.