HƏRBÇİ İDMANÇILARIMIZ DÜNYA OYUNLARINDA DÖRD MEDAL QAZANMIŞLAR
AZƏRTAC xəbər verir ki, Hindistanın Heydərabad şəhərində hərbçilər arasında Dünya Oyunlarına yekun vurulmuşdur. Azərbaycan idmançıları dünyanın 107 ölkəsinin iştirak etdiyi bu mötəbər yarışda 31-ci yeri tutmuşlar.
Oktyabrın 24-də Mərkəzi Ordu İdman Klubunda yarışın nəticələri ilə bağlı mətbuat konfransı keçirilmişdir.
Mərkəzi Ordu İdman Klubunun rəisi, polkovnik Natiq Əliyev Dünya 0yunlarında iştirak edən hərbçilərimizin göstərdikləri nəticələri ümumən qənaətbəxş hesab etmişdir. N.Əliyev jurnalistlərə bildirmişdir ki, 16 idman növü üzrə mübarizə aparan idmançılarımız 3 gümüş və 1 bürünc medal qazanmışlar. Yunan-roma güləşi üzrə Elbrus Məmmədov, sərbəst güləşdə Namiq Sevdimov, boks yarışlarında isə Tofiq Əhmədov gümüş medalların sahibləri olmuşlar.
Dünya Oyunlarını hərbçilər üçün ən nüfuzlu yarış kimi səciyyələndirən N.Əliyev qeyd etmişdir ki, həmin turnirdə bir çox ölkələr Azərbaycanla müqayisədə böyük heyətlə təmsil olunmuşlar. Hər birinin heyətində 300-dən artıq idmançısı olan Rusiya, ABŞ və Çin komandaları turnirə Olimpiya və dünya çempionları ilə qatılmışlar.
Son dörd ildə hərbi idman sahəsindəki uğurlardan danışan polkovnik N.Əliyev bu nailiyyətlərin məhz Prezident İlham Əliyevin ordu idmanına daim qayğı və diqqəti sayəsində qazanıldığını vurğulamışdır. Hərbçi idmançılarımızın yalnız 2007-ci ildə 30-a yaxın beynəlxalq və regional yarışlarda iştirak etdiyini bildirən N.Əliyev daha sonra demişdir ki, 2015-ci ildə Dünya Oyunlarının Azərbaycanda keçirilməsi məsələsi də artıq gündəmdədir. Bununla bağlı Bakı öz namizədliyini irəli sürmək niyyətindədir. Ordu idmanının rəhbəri vurğulamışdır ki, başlıca məqsəd Pekin Yay Olimpiya Oyunlarına mümkün qədər çox lisensiya qazanmaq, Azərbaycanın Olimpiya yığmasında hərbçi idmançıların sayını artırmaqdır.