Hərbi ekspert: Ermənistan bilərəkdən Azərbaycana qarşı mina terrorunu davam etdirir
Bakı, 29 aprel, AZƏRTAC
Vətən müharibəsinin başa çatmasından 30 ay keçməsinə baxmayaraq, bu günə qədər də Ermənistan Azərbaycan tərəfinə mina xəritələrinin dəqiq variantlarını təqdim etməkdən imtina edir. Bu isə ərazilərimizdə daha çox mülki vətəndaşlarımızın və minatəmizləmə ilə məşğul olan heyətin xəsarət alması və ya həlak olması ilə nəticələnir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev söyləyib.
Onun sözlərinə görə, Ermənistan tərəfindən təqdim edilən mina sahələrinin formulyarlarında ərazinin koordinatları minaların növləri, onların sayı, minalar arasındakı mövcud məsafələr, basdırılma və gizlətmə qaydalarına dair məlumatlar tamamilə təhrif edilir.
Beləliklə, Ermənistanın bizə təqdim etdiyi mina ərazilərinin formulyarları etibarsız, yararsız və qeyri-dəqiqdir. Bu isə Ermənistanın bilərəkdən Azərbaycana qarşı mina terrorunu davam etdirmək məqsədlərindən xəbər verir. Aprelin 28-də Tərtər rayonunda mina partlayışı nəticəsində üç nəfər mülki şəxsin həlak olması bunun sübutudur. Müharibə dövründən bu günədək ümumilikdə 300 nəfərə qədər Azərbaycan vətəndaşı Ermənistanın basdırdığı minalar səbəbi ilə sağlamlığı və ya həyatını itirib.
Ermənistan müharibə qurbanlarının müdafiəsi haqqındakı 1949-cu ildə qəbul edilən Cenevrə Konvensiyasının və ondan sonrakı dövrdə qəbul olunan məhdudiyyətlər haqqında protokolların tələblərini kobud şəkildə pozmaqda davam edir. Ermənistan 1999-cu ildə qüvvəyə minən “Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiyanın müddəalarını da kobudcasına pozmaqdadır.
“Maraqlı olan odur ki, bu qədər bu beynəlxalq konvensiyalara, qaydalara hörmətsizlik nümayiş etdirən Ermənistan indiyədək beynəlxalq ictimaiyyət tərəfindən bir dəfə də olsun sərt şəkildə qınanılmır. Mina terrorunu dövlət səviyyəsinə qədər gətirib çıxaran Ermənistan əmin olmalıdır ki, bu fəaliyyətlər Azərbaycanı öz ərazilərinin təmizlənməsindən, işğal edilmiş əraziləri təhlükəsiz və yaşayış üçün yararlı hala gətirmək məqsədlərindən geri döndərə bilməyəcək. Azərbaycan həm yerli, həm də müttəfiq ölkələrdə istehsal olunan vasitələrin köməyi ilə təmizləmə işlərini bundan sonra da həm də daha yüksək templərlə davam edəcək.
Ermənistan isə törətdiyi digər cinayətlər və terror aktları ilə yanaşı, müəllif olduğu mina terroruna görə də məsuliyyət daşıyacaq”, - deyə Ə.Verdiyev qeyd edib.