HƏRBİ İXRACA YARDIM TƏŞKİLATININ SƏRGİSİ İLƏ TANIŞLIQ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 13-də Pakistan Müdafiə Nazirliyinin nəzdində Hərbi ixraca yardım təşkilatına gəlmişdir.
Prezident İlham Əliyevi binanın qarşısında təşkilatın baş direktoru Seyyid Əli Həmid böyük hörmətlə qarşıladı.
On iki il fəaliyyət göstərən bu təşkilatın əsas məqsədi ölkənin silahlı qüvvələrinin qüdrətinin artırılması, təkmilləşdirilməsi, yeni model silah və sursatın, texnikanın istehsalı, müasir texnika ilə təchiz olunmasıdır.
Prezident İlham Əliyev raket, hərbi təyyarə və gəmilər hazırlanması, müxtəlif silah-sursat istehsalı haqqında videofilmə baxdı.
Daha sonra Azərbaycan Prezidenti təşkilatın sərgisi ilə tanış oldu. Sərgidə Pakistanda istehsal olunan və xarici ölkələrə ixrac edilən hərbi texnika, silah-sursat, o cümlədən müasir tipli raketlər, müdafiə sahəsində istifadə olunan müxtəlif avadanlıq, hərbi ləvazimat nümayiş etdirilir. Dövlətimizin başçısına hərbi məhsullar, eləcə də ölkənin müdafiə sahəsində görülən işlər barədə geniş məlumat verildi.
Sərgi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Hərbi ixraca yardım təşkilatının rəhbərləri ilə görüşdü. Dövlətimizin başçısı söhbət zamanı sərgi barədə öz təəssüratlarını bölüşdü.
Azərbaycan Prezidenti təşkilatın fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
Dövlətimizin başçısına xatirə olaraq qılınc hədiyyə edildi.
Prezident İlham Əliyev təşkilatın rəhbərləri ilə xatirə şəkli çəkdirdi.