Həsən Bağırov: Güclü vəkillik institutu hüquqi dövlətin əsas dayaqlarından biridir
Bakı, 17 iyul, AZƏRTAC
Son illərdə Azərbaycanda vəkilliyin inkişafı, vəkillərin sayının artırılması, regionlarda hüquqi yardım imkanlarının genişləndirilməsi, peşə hazırlığının yüksəldilməsi, gənc hüquqşünasların vəkilliyə cəlb olunması sahəsində mühüm tədbirlər həyata keçirilir. Eyni zamanda, Vəkillər Kollegiyasının da fəaliyyəti nəticəsində vəkilliyə qəbul prosesi daha sistemli şəkildə təşkil olunur, davamlı tədris və ixtisasartırma imkanları genişləndirilir, vəkillərin peşə hüquqlarının müdafiəsinə və etik standartların möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir.
AZƏRTAC xəbər verir ki, bunu Prezident Adminstrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri Həsən Bağırov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində çıxışı zamanı deyib.
H.Bağırov bildirib ki, aztəminatlı və həssas sosial qruplara ödənişsiz hüquqi yardımın göstərilməsi, regionlarda maarifləndirici tədbirlərin keçirilməsi və hüquq mədəniyyətinin yüksəldilməsi istiqamətində aparılan işlər də qeyd olunmalıdır. Güclü vəkillik institutu hüquqi dövlətin əsas dayaqlarından biridir. Vəkillərin sayının 3000-ə çatması həyata keçən ardıcıl və məqsədyönlü fəaliyyətin mühüm nəticəsidir. Müasir dövrdə hüquq münasibətləri sürətlə dəyişir, informasiya texnologiyaları, rəqəmsal xidmətlər və süni intellekt hüquq peşəsinin qarşısında yeni iddialar və çağırışlar qoyur. Buna görə də vəkil daim öyrənməli, biliklərini yeniləməli, beynəlxalq hüquqi təcrübəni izləməli və peşəkar inkişafını davam etdirməlidir.